Ekspert: "Ərzaq böhranı Azərbaycanda da yaşana bilər" VIDEO
Taxıl ehtiyacımızın yarıya qədəri idxal hesabına ödənilir
18 Oktyabr 2012 12:35 İqtisadiyyatDünya ərzaq böhranı ilə üz-üzədir. Bu xəbərdarlıqla çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi 2013-cü ildə ərzaq böhranının kəskin surətdə artacağını deyir. Hesabatda bildirilir ki, bu il isti və quraq hava ABŞ, Ukrayna, Rusiya, Hindistan, Kanada kimi taxıl ixrac edən ölkələrdə məhsul yığımına mənfi təsir göstərib. Ciddi ərzaq böhranı taxıl, düyü, qarğıdalı kimi məhsulların istehsalında azalmaya səbəb olub və xeyli qiymət artımı müşahidə olunub. Bu mənfi tendensiya növbəti ildə də davam edəcək.
İqtisadçı ekspertlərin fikrincə, ərzaq böhranı Azərbaycanda da yaşana bilər. Çünki Azərbaycanda 20 mln. tondan çox taxıl istehsal olunsa da, hələ də taxıl ehtiyacımızın yarıya qədəri idxal hesabına ödənilir. İqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, ölkəyə gətirilən taxıla, una ƏDV-nin ləğv edilməsinə baxmayaraq, artıq çörəyin qiymətində artım var. Dövlət vaxtında lazımi tədbirlər görməzsə, ərzaq böhranı Azərbaycana da ciddi təsir göstərə bilər.
Qeyd edək ki, artıq bir çox ölkələr böhrana qarşı qabaqlayıcı tədbirlər görməyə başlayıb. Rusiya ölkədən taxıl çıxarılmasına qadağa qoyub. Azər Mehtiyev deyir ki, Qazaxıstan və digər ölkələr də taxıl ixracatına qadağa qoyarsa, vəziyyət daha da gərginləşə bilər. Mütəxəssisin fikrincə, Azərbaycanda mövcud vəziyyətdən çıxış üçün proflaktik tədbirlər görülməlidir. Belə ki, respublikada taxıl əkilən torpaqların və səpiləcək toxumun keyfiyyəti artırılmalıdır. Ən əsası isə qabaqlayıcı tədbir kimi ölkənin ərzaq təhlükəsizliyi proqramına yenidən baxılmalı və tətbiqinə nail olunmalıdır.