Hansı müəssisələr özəlləşdirilməyə çıxarıla bilər?
Pərviz Heydərov: “Azərbaycanda bu gün özəlləşdirilə bilinəcək müəssisələr çoxdur”
25 Yanvar 2016 13:08 İqtisadiyyatDünyada neftin qiymətlərinin kəskin şəkildə ucuzlaşması fonunda milli valyutanın dəyərinin Amerika dollarına nisbətdə aşağı düşməsi ölkədə müəyyən çətinliklər yaratdı. Bu çətinliklər sırasında həm təbii, həm də süni amillər vardı. Yaranmış vəziyyətdən sui-istifadə edərək varlanmağa, əhalini müflis etməyə çalışan işbazlar istehsal etdikləri məhsulların qiymətini süni şəkildə qaldıraraq müəyyən ajiotaj yaratmağa çalışdılar. Təbii ki, bu kimi mənfi tendensiya qısa zamanda dövlət başçısının məsələyə müdaxiləsi ilə aradan qalxdı.
Mövcud situasiya istər qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, istər idarəetmə sahəsində islahatların həyata keçirilməsi, istərsə də özəlləşdirmə proqramına yenidən diqqət yetirilməsi kimi məsələləri aktual etdi. Elə Prezident İlham Əliyev də iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə bu məsələlərə xüsusi diqqət yetirdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, ölkədə geniş özəlləşdirmə proqramı həyata keçiriləcək. Prezident İlham Əliyev bildirdi ki, geniş özəlləşdirmə proqramı hazırlanmalı və həyata keçirilməli, biznes mühitini yaxşılaşdırılmalı, iqtisadi canlanma sürətləndirilməli, həm xarici, həm yerli investorlar bu işə cəlb edilməlidir: "Özəlləşdirmə proqram tam şəffaf şəkildə həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar böyük maraq və həvəslə bu prosesdə iştirak etsinlər".
Dövlət başçısının sözügedən müşavirədə özəlləşdirmə ilə bağlı söylədiyi fikirlərlə bağlı iqtisadçılar da müəyyən yanaşmalar ortaya qoyurlar. İqtisadçı ekspertlər özəlləşdirməyə çıxarılması mümkün olan müəssisələr barədə təkliflərlə çıxış ediblər.
İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə geniş özəlləşdirmə proqramının hazırlanmalı olduğunu bildirib və artıq, bu sahədə müvafiq göstərişlər verildiyini diqqətə çatdırıb: "Beləliklə də, tezliklə yeni dövlət aktivləri - müəssisə və təsərrüfat subyekləri satışa çıxarılacaq. Hələlik, məhz hansı sahələr və obyektlər, bu, bilinmir. Sadəcə olaraq, Prezident bildirdi ki, biz həm xarici, həm də yerli investorları bu işə cəlb etməliyik. "Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir" -deyə, dövlət başçısı vurğuladı". Ekspert bildirib ki, keçən əsrin 90-cı illərin sonlarına yaxın ölkədə həyata keçirilən məlum özəlləşdirmə prosesi effektli olmadı: "Belə ki, bu proses sanki dövlət mülkiyyətinin genişmiqyaslı de-fakto sahiblərinin de-yureləşdirilməsi
xarakteri daşıdı. İndi eşidəndə və oxuyanda ki, inkişaf etmiş ölkələrdə ailələrin və vətəndaşların çoxu səhm sahibirlər - bu və ya digər böyük, tanınmış şirkətlərin, müəssisələrin, istehsal və xidmət sahələrində pay sahibidirlər, düşünürsən ki, bizdəki özəlləşdirmə əhaliyə nə verdi ?. Adamın yadına özəlləşdirmə çekləri düşəndə isə lap, utanırsan. Sözüm bunda deyil. Prezident qeyd edib ki, bu dəfə özəlləşdirmə proqramı tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır... "Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar." - deyə, Dövlət başçısı qeyd edib. Ancaq, məni əsas düşündürən, indi nəyin özəlləşdiriləcəyidir". Ekspert qeyd edib ki, Azərbaycanda bu gün özəlləşdirilə bilinəcək və bu, hətta vacib sayılan sahələr - müəssisələr çoxdur: "Eyni zamanda, bu, hazırki qlobal iqtisadi böhranın təsirlərindən yaxa qutarmaq üçün də bir vasitədir. Daxili borclanmanın, qarşılıqlı ödəmələr problemin birdəfəlik həlli üçün də əsas çıxış yoludur. Hələlik məlum olan isə budur ki, SOCAR özəlləşdirilməyəcək". Ekspertin qənaətincə "Azərenerji", "Azərsu", AZAL, nəqliyyat dəhlizinə aid olmayan avtomobil yolları, dəmir yollarının bir qismi, Xəzər Dəniz Gəmiçiliyi, "Azəriqaz"ın özəlləşdirilməsi məqbul olar: "Dövlət başçısı da qeyd etmişdir ki, xarici və yerli investorların bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etməsi üçün şərait yaradılmalıdır. Dövlət bütün bu sahələrdən əlini çəkməlidir. Söhbət, bunlara görə məsuliyyət daşımağa son qoymaqdan gedir. Eyni zamanda dövlət hər ay onlardan dövlət büdcəsinə vergilərini tam və artıqlamasıyla ödəməyi tələb etməlidir. Əks təqdirdə, bunlar dövləti heç vaxt iqtisadi cəhətdən tam ayağa durmağa qoymayacaqlar".
Füzuli