“İnanmıram ki, bp şirkəti ilə müqavilə pozulsun, o başqa şirkətlə əvəzlənsin”

Vahid Əhmədov : “Bu məsələ beynəlxalq məhkəmə səviyyəsində dartışılmalıdır”

"bp şirkəti ilə bağlı müəyyən problemlərin ortaya çıxması mənada  gözlənilən idi".  Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması  həyatın diktəsi idi.  Çünki o vaxt Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi vəziyyət həddindən artıq ağır idi  və mərhum  dövlət başçısı Heydər Əliyev o zaman böyük  cəsarət nümayiş etdirərək, bu müqaviləni imzaladı ki, Azərbaycana iri şirkətlər daxil olsun:  "Yəni, onlar  investisiya qoysunlar ki, Azərbaycanın o zaman çox kövrək və təhlükə altında olan   müstəqilliyini uzun müddət  qoruyub saxlamaq mümkün olsun. Odur ki, bu, çox müdrik addım idi. Azərbaycan bu sazişin, daha doğrusu, neft hasilatının artırılması sayəsində  faktiki olaraq müəyyən qədər gəlirlər əldə etdi , neftdən əldə edilən gəlirlər  45 milyard dollara gəlib çatdı". V.Əhmədovun bildirdiyinə görə,  o vaxt saziş 20-nin 80-ə nisbətində imzalandı, yəni, 20 faiz Azərbaycanın, 80 faiz beynəlxalq  şirkətlərin payı idi: "Bununla belə, bizimkilər get-gedə payımızı artırdılar.  2008-ci ildə bu, 25-in 75-ə nisbətində oldu və  burada da BP şirkəti deyərdim ki, faktiki olaraq beynəlxalq öhdəlikləri pozdu,  Azərbaycan haradasa 8,1 milyarda yaxın vəsaiti götürə bilmədi. Elə bilirəm ki, buna da Azərbaycan hökuməti bir qədər  vaxtında reaksiya verməli idi". Millət vəkili indi bp-nin tənqid hədəfi seçilməsinin başlıca səbəbi kimi, onun məhz məlum beynəlxalq konsorsiumun operatoru olmasını göstərib :  "Amma bunun-öhdəliyin pozulmasının qarşısını almaq lazımdır, 8,1 milyardı Azərbaycan götürməlidir. bp şirkəti də bu barədə ciddi  fikirləşməlidir. Düzdür, bunlar iqtisadi məsələlədir, amma həm də bunun siyasi tərəfləri var. Bütün bunları nəzərə almaq lazımdır. Amma buna baxmayaraq çalışmaq lazımdır ki, maksimum bu vəsait Azərbaycan tərəfindən əldə olunsun". V.Əhmədov  qeyd edib ki, bp dünyanın tanınmış şirkətlərindən biridir:  "Təsadüfi deyil ki,  bp şirkəti Azərbaycana  gələndə, hətta, yadınızdadırsa, nə ABŞ-ın, nə də Böyük Britaniyanın səfirlikləri burada  idi. Amma bu şirkət Azərbaycana daxil olmuşdu. Bu şirkət hara daxil olursa, ümumiyyətlə, orada müəyyən siyasi proseslər də gedir,  yəni, onların proseslərə  təsir etmək imkanları var. Ona görə  inanmıram ki, BP şirkəti ilə müqavilə pozulsun, o başqa şirkətlə əvəzlənsin.  Amma çalışmaq lazımdır ki, hətta, beynəlxalq məhkəmə səviyyəsində bu məsələ dartışılsın. Bunu da vaxtında etmək lazımdır. Üstündən 4 il keçib. Əgər son 4 ilin birinci ilində - 2008-ci ildə bu şirkət  haradasa 2 milyon neft vermirdisə, o zaman bunlarla oturub qəti söhbətlər aparmaq lazım idi ki, nefti vermək lazımdır. Axı, Azərbaycan öz gəlirindən niyə imtina etməlidir ki?!  Onlar gəlirlərini götürüblər, eyni zamanda, haradasa 28 milyard manata yaxın vəsait qoyublar, indi isə 3 milyard vəsaiti qoymaq istəmirlər, nəyə görə?  Nefti  çıxarmaq üçün əlavə investisiya qoymaq lazımdır. 2008-dən isə  bu investisiyanı qoymayıblar. Bunu da elə bilirəm ki, vaxtında tələb etmək lazım idi. Odur ki,  bu məsələ indi məlum problemin yaranması ilə nəticələnib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31