Azərbaycanda bankların sayı 2-3 dəfə azaldıla bilər
Bu, bəzi bankların reytinqinə müsbət təsir edəcək
22 Yanvar 2016 13:08 İqtisadiyyatDünya bazarında neftin qiymətinin ucuzlaşması ən çox Azərbaycanın bank sektoruna təsir edib. Ona görə də son günlər ən çox müzakirə edilən mövzulardan biri kommersiya banklarının vəziyyəti və bank sektorunda müşahidə edilən problemlərdir. Artıq ölkənin bank sektorunda islahatlara start verilib. Yayılan məlumata görə, Beynəlxalq Valyuta Fondunun tövsiyəsi ilə Azərbaycanda bankların sayı azaldılacaq. Artıq Mərkəzi Bank tərəfindən "Bank of Azerbaijan"ın lisenziyası ləğv edilib. Mərkəzi Bankda hesab edirlər ki, ölkədə bankların sayının ən azı 20-yə qədər endirilməsi optimal variant hesab oluna bilər. Çünki ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. Odur ki, bir sıra banklara təklif olunacaq ki, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı təklif olunur. Bununla həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq. Ekspertlər hesab edirlər ki, banklardakı əsas problemlərdən biri kimi maliyyə çatışmazlığıdır. İstehlak kreditlərinin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi və bank gəlirlərinin daha çox yüksək faiz əsasında formalaşması isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən bankların bəzisi xidmət şəbəkəsini kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətində qalır. Eksperlər həmçinin yaxın bir ildə Azərbaycanda bankların sayının kəskin şəkildə azalacağını bildirirlər. Bunun səbəbləri bir sıra bankların lisenziyasının geri alınması, onların birləşdirilməsi, eləcə də statuslarının dəyişdirilməsi ilə bağlı olacaq. Ekspert Samir Əliyevin fikrincə, bankların sayının azalması müsbət prosesdir və bu, bəzi bankların reytinqinə müsbət təsir edə bilər: "Mən düşünmürəm ki, bankların reytinqində onların konsoldasiyası məsələsi xüsusi rol oynaya bilər. Düzdür, bankların konsoldasiyası müsbət haldır. Çünki araşdırmalar da göstərir ki, Azərbaycan üçün 43 bank çoxdur. Bankların sayının azaldılmasına ehtiyyac var. Düşünürəm ki, onların sayı 30-dan az olmalıdır. 20-25, ən uzağı 30 olsa daha optimal olar. İndi biz müşahidə edirik ki, banklar çox əziyyət çəkir. Buna görə bankların sayının azaldılması normaldır. Bu onların özlərinin güclənməsi, eləcə də göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması baxımından müsbət rol oynayır. Konsoldasiya gedərsə banklar güclənər və bu ayrı-ayrı bankların reytinqinə müsbət təsir göstərər". Qeyd edək ki, bir müddət öncə "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin reytinqini "stabil"dən "neqativ"ə dəyişib
İqtisadçı eksper Pərviz heydərov deyir ki, beynəlxalq təşkilatlar Azərbaycanın bank sektoruna verdiyi qiymət təbiidir: "Hazırda Azərbaycanın bank sistemində rəsmi olaraq statistik rəqəmlərə görə aktivlərin vəziyyəti və s. göstəricilərə görə vəziyyət qənaətbəxş görünsə də, heç də arzuolunan deyil. Ona görə ki, devalvasiyadan sonra əhali əmanətlərini dəyişdi - ümumən əhalinin bank sistemindəki əmanətlərinin 70 faizi dollarladır. İndi bankların özündə dollar artıqlığı yaranıb. Manatla kredit verilməsi prosesi ötən ilin mart ayından dayanıb. O cümlədən, bu ilin əvvəlindən bankların nizamnamə hesablarının 50 milyon manata çatdırılması haqqında müvafiq tələb vardı. Həmin tələbi bir neçə bank yerinə yetirmədi, amma bununla bərabər Mərkəzi Bank onların bağlanması haqqında qərar qəbul etmədi. Hələ fevralın 21-i manatın ucuzlaşdırılmasından sonra bankların vəziyyətinin stabilləşdirilməsi üçün Mərkəzi Bank ard-arda bir neçə addım atdı. Bu mənada həmin o beynəlxalq təşkilatların da Azərbaycanın bank sektoruna verdiyi qiymət təbiidir". İqtisadçı Vüqar Bayramov deyib ki, "Bank of Azerbaijan" ASC-nin və bir neçə bankın lisenziyasının geri alınması 2 il öncədən Mərkəzi Banka təklif olunmuşdu. Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını 2 il öncə ləğv etməli idi: "Mərkəzi Bankı bəlli subyektiv səbəblərdən bu prosesi yubatması bu bankda pulu olan əmanətçilərə həm maddi, həm də sözün həqiqi mənasında psixoloji çətinlik yaratdı. Bu iki ildə sözügedən bank xüsusən də əmanəti olan müştəriləri o qədər get-gelə saldı ki, hətta bəzilərinin manatla olan depozitləri iki devalvasiya nəticəsində dəyərsizləşdi. Amma yenə də bir sual açıq qalır: vətəndaşın manatla olan və devalvasiya nəticəsində dəyərsizləşmiş əmanət və yığımlarındakı zərər necə ödəniləcək? Heç bir səbəb olmadan lisenziyanı zamanında geri almayan Mərkəzi Bank buna görə kompensasiya ödəyəcəkmi? Hamıya bəllidir ki, hal-hazırda "Bank of Azerbaijan"dan, yumşaq desək, pis gündə olan bank və ya banklar var. Amma hələ də Mərkəzi Bank gözləmə mövqeyindədir". Ekspertin fikrincə, ölkədə elə bank var ki, müştəri öz əmək haqqı kartından pul çıxara bilmir: "Müştərilər bankla məhkəmələr arasında qalıblar. Halbuki, belə banklar bütövlükdə bank sektoruna olan inamın aşağı düşməsinə səbəb olur. Çünki hər hansı bir bankdan əmanətin götürülməsi probleminin olması xəbəri hətta yaxşı işləyən bankda da depozitlərin taleyini sual altına alır və həmin pulun taleyinə inamı azaldır". "Bank of Azerbaijan" ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştəriləri nə etməlidir- sualına isə V. bayramov belə cavab verib: "Əvvəlla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar, çünki Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil. Eyni zamanda "Bank of Azerbaijan" bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcyi halda fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın "Bank of Azerbaijan" ASC-nin ləğvi prosesinə məsul olan banklar ilə əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər. Bütövlükdə, Mərkəzi Bank gec də olsa bu addımı atdı. Növbədə isə dayananlar var".
Nurlan