Sement satışının qanunauyğunluğu yoxlanılır
17 Oktyabr 2012 17:01 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə Ramin Qənbərova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-R" adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2% göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilmişdir.
Bundan başqa, satışda olan "Qaradağ-AND" adlı M-400 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, faktiki çəkilərinin isə etiket göstəricisindən 5-10% az olduğu aşkarlanmışdır.
****
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Rəşadət Babazadəyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-H" adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2% göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyənləşdirilmişdir.
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
Araşdırmalar davam edir.