Vətəndaş cəmiyyəti Prezidentə yaxından kömək etməyə borcludur
“Qarşıda duran məsələlərin həllində vətəndaş cəmiyyəti tərəfindən həyata keçiriləcək ictimai nəzarətin rolu kifayət qədər böyük olacaq”
21 Yanvar 2016 13:13 İqtisadiyyatDünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə baş verən devalvasiya prosesi və bundan dolayı meydana çıxan iqtisadi və sosial problemlərin həlli məqsədilə hökumət təxirəsalınmaz tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən antiböhran tədbirləri yaranmış vəziyyətdən optimal şəkildə çıxış yollarını özündə ehtiva edir. Antiböhran tədbirlərinə start verildyi gündən keçən müddət ərzində həyata keçirilən tədbirlər və əldə edilən nəticə onu deməyə əsas verir ki, prezident və onun komandası hər zaman olduğu kimi yenə də doğru yoldadır. Atılan addımlar da yalnız və yalnız əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Məlumat üçün qeyd edək ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən antiböhran tədbirləri çərçivəsində süni bahalaşmanın qarşısı alınıb, maaş və pensiyalar artırılıb, müəyyən brokratik əngəllər aradan qaldırılıb. Ancaq görünən odur ki, həyata keçirilən tədbirlər heç də qaneedici deyil. Ölkənin sosial-iqtisadi məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının proqram xarakterli çıxışı da məhz bunu özündə ehtiva edirdi. Prezident İlham Əliyevin hər iki çıxışından əldə edilən nəticə isə onu deməyə əsas verirdi ki, siyasi və iqtisadi, idarəetmə sahəsində həyata keçirilən islahatlar davamlı olacaq. Çünki mövcud vəziyətdən çıxmaq və iqtisadi tempi saxlamaq üçün islahatlar zəruridir.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da hesab edir ki, hazırkı böhran vəziyyətindən çıxış yolu məhz iqtisadi və idarəetmə sahəsində həyata keçirilən islahatlardan keçir ki, Azərbaycan hakimiyyəti də bunu gözəl dərk edir və sözügedən istiqamətdə zəruri addımlar atır: "Yaranmış böhran vəziyyətindən çıxışın konkret yollarını Prezident İlham Əliyev proqram şəkilində belə ifadə etdi: "Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik". Həqiqətən də bu istiqamətlərin reallaşdırılması sonda bizim iqtisadiyyatımızın qısa zaman ərzində neftdən asılılığını minimuma endirə bilər". Fikrət Yusifov bildirib ki, bu gün islahatların ana xəttini pul-kredit sistemində sabitliyin yaradılması, manatın nüfuzunun bərpa edilməsi təşkil etməlidir. İqtisadçının sözlərinə görə, biz buna nail ola bilməsək onda iqtisadiyyatın real sektoruna həm daxili, həm də xarici investitsiyaların yatırılması işi müşkülə çevrilə bilər. BİAB sədri deyib ki, dövlət
başçısı sosial və iqtisadi məsələlərə həsr olumuş müşavirədə dollar asılılığından qurtulmağın yollarını da açıqlayıb: "Valyuta bazarının tənzimlənməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinə başlanmışdılr. Qanunvericilikdə dəyişikliklər edilməli, inkişaf etmiş ölkələrin təcrübəsi Azərbaycanda da tətbiq olunmalıdır. Azərbaycanın milli valyutasına etimad bərpa edilməlidir". İqtisadçı da hesab edir ki, bu sahədə başlıca vəzifə ölkənin pul-kredit sistemini dollar asılılığından qurtarmaqdır: "Ən qısa zaman kəsiyində əhalinin dollarla olan kreditlərini və əmanətlərinin manatla əvəzlənməsi mexanizmləri işlənib hazırlanmalı və tətbiq edilməlidir. Əks halda əhalinin kreditlərə görə, bankların isə əmanətlərə görə düşdüyü labirintin sonu yaxşı heç nə vəd etməyəcək. Bu gün böhranlı vəziyyətə və bütün başqa çətinliklərə baxmayaraq Azərbaycan hökuməti öz büdcəsi vasitəsilə əhalinin büdcədən maliyyələşən böyük bir kontingentinin əmək haqlarının artırılmasını təmin edə bildi. Bu isə o deməkdir ki, başqa neft ölkələrindən fərqli olaraq bizim maliyyə imkanlarımız daha genişdir. Lakin buna baxmayaraq yaxın bir-iki il ərzində qeyri-neft sektorunu əsaslı inkişaf etdirməsək vəziyyət ağırlaşa bilər. Ona görə də bu gün təxirə salınmadan yerlərdə yeni müəssisələr qurmaq hesabına iş yerlərinin açılmasını, daxili bazarın tələbatını tam ödəyəcək məhsulların, eyni zamanda ixracyönlü məhsulların istehsalının və büdcəyə ödəniləcək vergilərin artırılmasını təmin edə biləcək addımlar atılmalıdır". Fikrət Yusifov qeyd edib ki, dövlət başçısı istər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr, istərsə də sosial-iqtisadi məsələlərə dair müşavirədəki çıxışı zamanı yaranmış vəziyyətdən çıxmaq üçün vətəndaş cəmiyyətinin də rolunu xüsusi qeyd edib və cəmiyyətin də həyata keçirilən tədbirlərə dəstək verməsini zəruri sayıb: "Manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil, vətəndaşlar da bu məsələdə bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər". Fikrət Yusifovun qənaətincə vətəndaş cəmiyyəti bu işlərin uğurla aparılması üçün hökumətə, ölkə Prezidentinə yaxından kömək etməyə borcludur: "Prezident ölkədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı dəfələrlə vətəndaş cəmiyyətinə müraciət etmişdi. Təbii ki, qarşıda duran məsələlərin həllində ictimai nəzarətin və xüsusilə də vətəndaş cəmiyyəti tərəfindən həyata keçiriləcək ictimai nəzarətin rolu kifayət qədər böyük olacaqdır.
Prezidentin son müşavirədə ölkədə indiyə qədər özəlləşdirilməyən dövlət əmlakının özəlləşdirilməyə çıxarılması və bu işin maksimum şəffaf şəkildə həyata keçirilməsi barəsində səsləndirdiyi bəyanatlar da xüsusi önəm kəsb edir. Prezidentin səsləndirdiyi "Geniş özəlləşdirmə proqramı hazırlanmalı və həyata keçirilməli, biznes mühitini yaxşılaşdırılmalı, iqtisadi canlanma sürətləndirilməli, həm xarici, həm yerli investorlar bu işə cəlb edilməlidir. Özəlləşdirmə proqram tam şəffaf şəkildə həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar böyük maraq və həvəslə bu prosesdə iştirak etsinlər" fikirlər yaxın zaman kəsiyində ölkədə bu istiqamətdə ciddi addımların atılacağından xəbər verir. Həqiqətən də bu gün Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var ki, bunların fəaliyyəti ya tam dayanıb ya da onlar öz imkanlarının 1/5-i səviyyəsində fəaliyyət göstərirlər. Dünya təcürbəsində belə müəssisələrin yenidən qurulması və onların maksimum
səmərəli işləməsi üçün tətbiq olunan əsas yol həmin müəsisələrin özəlləşməsindən keçir. Dediyimiz məsələlərə bir misalla daha yaxşı aydınlıq gətirmək mümkündür. Tarix boyu özəl mülküyyətdə olan İngiltərənin dəmir yolları İkinci dünya müharibəsindən sonra bir neçə mərhəllə ilə 1948-ci ilə qədər tam dövlət mülküyyətinə alındı. Bundan sonra nə baş verdi? Növbəti ildən etibarən dəmir yolları vasitəsilə daşınan yüklərin həcmi və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı ilbəil azalmağa başladı. 1980-ci illərin ikinci yarısından etibarən Marqaret Tetçer hökumətinin həyata keçirdiyi kütləvi özəlləşdirmə dəmir yollarını əhatə edə bilmədi. Lakin konservatorların yeni lideri Con Meycer artıq özünün seçki kompaniyasında hakimiyyətə gələcəyi tədqirdə dəmir yollarını özəlləşdirəcəyini bəyan etdi. 1996-2000-ci illər ərzində İngiltərənin dəmir yolları özəlləşdirildi. Nəticələr hər kəsin diqqətini özünə cəlb edə biləcək bir səviyyədə idi. Özəlləşmədən sonra artıq 2000-ci ildə dəmir yolu vasitəsilə sərnişin daşınması 25 faiz, yük dövriyyəsi 39 faiz, vaqonların sayı 12 faiz, gecikmələr isə 40 faiz azala bildi. Hesab etmirəm ki, özəlləşmənin səmərəliliyini özündə əks etdirən bu yeganə misal deyil. Onlarla belə misallar gətirmək mümkündür. Prezidentin son toplantıda dediyi "Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq" fikirləri real olaraq dövlət əmlakının özəlləşdirilməsi məsələlərinə də şamil edilməlidi. Bu gün Azərbaycanda başlanğıc üçün enerji sektorundakı şirkətlərin də bir qisminin özəlləşməyə hazırlanması heç də pis olmazdı".
Süleyman İsmayılbəyli