Bank sektorunda islahatlara start verildi

"Bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər". Bunu Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmalıdırlar: "Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik". Artıq dövlət başçısının tapşırıqları icra mərhələsinə daxil olub. Belə ki, Mərkəzi Bank "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edib. İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, bu çox geçikmiş qərar oldu: "Artıq 2 ildən çoxdur ki, biz bu bank daxil olmaqla bir neçə bankın lisenziyasının geri alınmasını təklif edirdik. Əslində, Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ən azı 2 il öncə ləğv etməli idi. Mərkəzi Bankın bəlli subyektiv səbəblərdən bu prosesi yubatması bu bankda pulu olan əmanətçilərə həm maddi, həm də sözün həqiqi mənasında psixoloji çətinlik yaratdı. Bu iki ildə sözügedən bank xüsusən də əmanəti olan müştəriləri o qədər get-gelə saldı ki, hətta bəzilərinin manatla olan depozitləri iki devalvasiya nəticəsində dəyərsizləşdi. Amma yenə də bir sual açıq qalır: vətəndaşın manatla olan və devalvasiya nəticəsində dəyərsizləşmiş əmanət və yığımlarındakı zərər necə ödəniləcək? Heç bir səbəb olmadan lisenziyanı zamanında geri almayan Mərkəzi Bank buna görə kompensasiya ödəyəcəkmi? Hamıya bəllidir ki, hal-hazırda "Bank of Azerbaijan"dan, yumşaq desək, pis gündə olan bank və ya banklar var. Amma hələ də Mərkəzi Bank gözləmə mövqeyindədir. Elə bank var ki, müştəri öz əmək haqqı kartından pul çıxara bilmir. Mərkəzi Bank isə hələ də müdaxilə etmir. Müştərilər bankla məhkəmələr arasında qalıblar. Halbuki, belə banklar bütövlükdə bank sektoruna olan inamın aşağı düşməsinə səbəb olur. Çünki hər hansı bir bankdan əmanətin götürülməsi probleminin olması xəbəri hətta yaxşı işləyən bankda da depozitlərin taleyini sual altına alır və həmin pulun taleyinə inamı azaldır". Onun sözlərinə görə, "Bank of Azerbaijan" ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştəriləri nə etməlidir? Əvvəla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar, çünki Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil. Eyni zamanda "Bank of Azerbaijan" bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcyi halda fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın "Bank of Azerbaijan" ASC-nin ləğvi prosesinə məsul olan banklar ilə əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər. Bütövlükdə, Mərkəzi Bank gec də olsa bu addımı atdı. Növbədə isə dayananlar var...

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31