2008-ci ildən “bp” hasilatı azaltmaqla məşğuldur - MÖVQE

Cümşüd Nuriyev: “Onlar qoyduqları vəsaitdən 4 dəfədən artıq gəlir götürüblər”

"Azərbaycan 4 il ərzində 10 milyard dollara yaxın gəlirdən məhrum olub"

Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunları ilə bağlı iclasında prezident İlham Əliyevin "bp" şirkəti ilə bağlı qaldırdığı məsələ gündəmin əsas mövzularından birinə çevrilib. Bu istiqamətdə təhlil aparan bəzi ekspertlər "bp" şirkətinin Azərbaycana göstərilən həcmdən artıq belə ziyan vurduğunu bildirirlər. Sabiq millət vəkili Cümşüd Nuriyev parlamentdə təmsil olunduğu dövrdə "bp" şirkəti ilə Azərbaycan arasında əldə edilən razılaşma, eləcə də həmin dövrdən indiyə qədər şirkətin Azərbaycandakı fəaliyyətinə aydınlıq gətirib. Bildirib ki, "bp" və digərləri Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş bir neçə ölkədə fəaliyyət göstərən, törəmə filialları olan beynəlxalq şirkətlərdir: "Azərbaycanda bir neçə transmilli şirkət fəaliyyət göstərir. Onların içərisində "BP" dünyada birinci onluğa girən beynəlxalq şirkətdir. Bu şirkət karbohidrogen yataqlarının istismarı və hasilatı ilə məşğul olur. Onun dövrüyyəsi MDB məkanına daxil olan bəzi ölkələrin illik dövriyyəsindən çoxdur. Sözügedən şirkət 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda fəaliyyət göstərir. Beynəlxalq şirkətlərin bir xüsusiyyəti var ki, onlar qeydə alındığı dövlətin deyil, fəaliyyət göstərdiyi ölkə ərazisindəki qanunvericiliyə uyğun fəaliyyət göstərməlidirlər. Bu beynəlxalq hüquqdur. "bp" şirkəti də Azərbaycanda məhz Azərbaycan qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir". Cümşüd Nuriyev "Əsrin müqaviləsi"nin imzalanması zamanı "bp"nin üzərinə götürdüyü öhdliklər barədə də danışıb: "O vaxt biz bir ay yarım həmin müqaviləni parlamentdə müzakirə etdik və qanun şəkildə qəbul etdik. Bu bir qanundur və qanunda hansısa bir dəyişiklik etmək mümkünsüzdür. Əvəllər şirkətlə ilkin hasilat payı məsələsində 80-nin 20 faizə nicbəti ilə razıılıq əldə edilmişdi, lakin biz parlamentdə dirəniş göstərdikdən sonra ilkin hasilat payı 75-in 25-ə nisbəti həcmində oldu. Nəzərdə tutulurdu ki, şirkət qoyduğu vəsaiti götürdükdən sonra bu faiz bərabər olacaq. Sonrakı mərhələdə isə 75-in 25-ə nisbəti ilə hesablanacaq". Sabiq millət vəkili deyir ki,  2008-ci ildən etibarən "bp" Azərbaycanda hasilatı azaltmağa başlayıb: "Yəni onlar qoyduqları vəsaitdən 4 dəfədən artıq vəsait götürüblər". Cümşüd Nuriyev deyir ki,  dünyanın hər yerində  dövlət içərisində dövlət adlanan transmilli korporasiyalardan biri də "bp" şirkətidir: "Cənab prezident çıxışında "bp"-ni beynəlxalq hüquq qaydalarını pozaraq Azərbaycan qanunvericiliyə əməl etməməsini gündəmə gətrdi. Yəni bu müddət ərzində şirkət bilərəkdən hasilatı azaltmaqla məşğuldur. Çünki hasilatı artırmaq üçün yenidən kapital qoyuluşu etməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, müqavilənin bitməsinə hələ 12 il var. Ancaq buna baxmayaraq şirkət özünə lazım olanı götürəndən sonra hasilatı azaltmağa başlayıb. Bununla da Azərbaycana külli miqdarda ziyan vurulub". Sabiq millət vəkili deyir ki, 8,1 milyard dollar Azərbaycanın təkcə hasilatdan əldə etmədiyi gəlirdir: "2008-ci ildən indiyə qədər həmin vəsaitlərin yatırıldığı banklar, yaxud Azərbaycanın donor kimi yatırdığı investisiyalardan əldə edilən dividentləri nəzərə alsaq bu rəqəm təxminən 10 milyard dollar edər. Yəni Azərbaycan 4 il ərzində 10 milyard dollara yaxın gəlirdən məhrum olub. Çünki Azərbaycan həmin vəsaiti öz ərazisində yatırsa belə yenə də həmin gəliri əldə edəcəkdik". Cümşüd Nuriyevin sözlərinə görə, prezident İlham Əliyev "bp" ilə bağlı münasibətini bildirən kimi "Forbos" jurnalı Azərbaycanı təhdid etməyə başladı: "Hətta onlar eyham vurdular ki, "bp" Azərbaycandan çıxa da bilər. Ancaq bundan əvvəl Azərbaycan prezidenti vəzifədən gedə bilər. Bu o deməkdir ki, bizə dəysəniz dövləti qarışdırarıq". Sabiq millət vəkili bəzi müxalifət mətbuatının bu məsələdə milli maraqlara zidd mövqedən çıxış etdiyini də diqqətə çatdırıb: "Müxalifət mətbuatı da bunu geniş işıqlandırır və qəzetin üz səhifəsinə çıxarır. Ancaq bu insanlara bir şey çatmır ki, sözügedən məsələdə "bp"-ni müdafiə etmək dövlətin əleyhinə olmaq deməkdir. İkincisi, bunlar "bp"-yə mesaj verirlər ki, biz hakimiyyətə gələk, siz isə Azərbaycanı dağıdın, buna göz yumacağıq. Hakimiyyət kürsüsündən ötrü belə bəyanatlar vermək, daxildə "bp"-yə dəstək nümayiş etdirmək milli satqınlıq, köləlikdir. Bu insanlar hələ də kölə təsəvvüründən qurtara bilmirlər. Axı "bp" və "Forbos" jurnalı kimdir ki, Azərbaycanda hakimiyyəti dəyişsin? Bəli 1992-ci ildə onlar hakimiyyəti dəyişdilər və Xalq Cəbhəsi məhz "bp"-nin əli ilə hakimiyyətə gəldi. Bu qüvvələr bəzi sullara cavab verməlidirlər. Belə ki, o zaman Marqaret Tetçer 30 milyon dollarlıq bonusu Əbülfəz Ekçibəyin adına niyə yazmışdı? Həmin bonusdan kimlər yararlandı? Həmin pulun 13 milyon dolları yeyildi və Azərbaycan xalqına çatmadı. Yaxşı olar ki, buna cavab versinlər. Bundan ucuz, şərəfsiz addım yoxdur ki, Azərbaycanda pul yığıb harınlayan hansısa ingilis səni aşağılasın, sən də bunun qarşılığında ona sağ ol deyəsən. Ancaq "bp" bir şeyi də dərk etməlidir ki, bura onun üçün nə Hindistan, nə də Afrikadır. Bura Azərbaycandır. Azərbaycan Şərqdə ilk demokratik dövlət quranda hələ ingilislər bir şey deyildilər. Bizim Nizami Gəncəvi olanda onlar heç dövlət deyildilər. Heç olmasa gedib bu barədə fikirləşsinlər ki, kimin üzərinə gəlirlər. Düzdür, dünyada ingilis barmağı deyilən bir şey var. Ancaq onlar da bir şeyi yaddan çıxarmamalıdırlar ki, bu günə qədər hətta kiçik xalqların özünə belə hansısa imperiya qalib gələ bilməyib". Sabiq millət vəkili deyib ki, cənab prezident öz kürsüsünə təhlükə yarana biləcəyinə baxmayaraq "bp" şirkətinin Azərbaycanda törətdiyi əməllərə münasibət bildirib: "Yəni prezident  dövlətin və millətin maraqlarını öz kürsüsündən üstün tutub. Əksinə buna görə İlham Əliyevə minnətdar olmaq, onu dəstəkləmək lazımdır. Dövlət başçısı öz kürsüsünü təhlükə altında qoyaraq Azərbaycanın maraqlarını müdafiə edir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31