İsmət Abbasovun GMO əməliyyatı

Kənd təsərrüfatı naziri saxta statistikanı GMO məhsulları ilə ört-basdır edir

Ərzaq təhlükəsizliyinin ciddi problem olduğu bir dövrdə Geni Modifikasiya Olunmuş məhsulların açıq-aşkar satışa çıxarılması, həmin məhsulların süfrələrə qədər ayaq açması bu sahədə ciddi problemlərin olduğunu üzə çıxarır. Ekspertlər qeyd edir ki, ümumilikdə son zamanlarda bununla bağlı bir sıra qanunlar qəbul olunsa da GMO məhsullarından sığortalanma elə də yüksək səviyyədə deyil. Buna əsas səbəb kimi ölkədə GMO məhsullarının aid edilməsi üçün laboratoriya şəraitinin olmaması və ciddi kadr çatışmamazlığı göstərilir. Məsələnin mahiyyətinə varanda aydın olur ki, GMO məhsullarının ölkəyə gətirilməsi və onların süfrələrimizə qədər ayaq açmasında maraqlı olan məmurlar var. Bu məmurların sırasında isə əsas yük kənd təsərrüfatı naziri İsmət Abbasovun çiyinləri üzərinə düşür. Belə ki, hörmətli nazir mətbuata verdiyi açıqlamada GMO məhsullarının ölkəyə gətirilməsi, həmin məhsulların açıq satışına qarşı olduğunu vurğulasa da əslində səmimiyyətdən kənar açıqlamaları ilə cəmiyyətdə özünə qarşı müsbət fikirlər formalaşdırmaq istəyir.  Son zamanlarda kənd təsərrüfatında olan geriləməni bu cür açıqlamalarla malalamaq istəyən nazir şoranlaşan əkin sahələri ilə mübarizə əvəzinə GMO məhsulları hesabına kənd təsərrüfatında məhsul artımının olduğunu gözə soxur. Bura heyvandarlıq, bitkiçilik və bağçılıq sahələrini aid etmək olar. Hər bir sahəni ayrılıqda araşdırsaq aydın olar ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalı heç də rəqəmlərdə göstərildiyi kimi deyil.   Heyvandarlıq sahəsi üzrə onu qeyd etmək olar ki, bu gün ayrı-ayrı broyler təsərrüfatlarında yüksək məhsuldarlıq əldə etmək üçün bir sıra maddələrdən istifadə olunur ki, sonda istehsal olunan məhsul GMO-ya çevrilir. Elə buna görədir ki, broyler təsərrüfatlarında istehsal olunan yumurta və toyuq məhsulları bir müddət qaldıqdan sonra öz keyfiyyətini itirir. Bu məhsullardan istifadə zamanı xoşagəlməz qoxuların yaranması bir daha onu deməyə əsas verir ki, toyuq məhsulları birbaşa insan orqanizmi üçün təhlükə mənbəyidir. Bununla yanaşı bu gün satışa çıxarılan digər kənd təsərrüfatı məhsullarında da GMO məhsullar üstünlük təşkil edir. Məsələyə münasibət bildirən ekspertlər isə hesab edir ki, hazırda bu problem ümumbəşəri problemdir. Problemdən çıxış yolu isə odur ki, kənd təsərrüfatı məhsullarının istehsalında dədə-baba üsullardan istifadə etmək məqsədəuyğundur. Ancaq burda da bir sıra nüanslar var. Bu da torpağa əkilən toxumlarla bağlıdır. Belə ki, əgər torpağa əkilən toxum GMO məhsulları sortundandırsa onda yetişən məhsul bu və ya digər formada GMO sayılacaq. Ekspertlər qeyd edir ki, məhz bu kimi problemlərin yaranmaması üçün toxumçuluq sənayesini inkişaf etdirmək lazımdır: "Bu gün Azərbaycanda toxumçuluqla bağlı ciddi problem var. Kənd Təsərrüfatı Nazirliyinin bu sahəyə biganə münasibət bəsləməsi yetişdirilən məhsulların genini dəyişməsi ilə nəticələnib. Bu da ona görə baş verir ki, toxumu ölkəyə gətirən sahibkar və ya hazırda dövlət qurumu kimi bu işə bilavasitə cəlb olunan Aqrolizinq ASC keyfiyyətə deyil, kəmiyyətə üstünlük verir. Prosesin məntiqi sonluğu kimi onu qeyd etmək olar ki, ümumilkdə bu işin məhz belə hal almasında Kənd Təsərrüfatı Nazirliyi günahkardır. Ona görə ki, nazirlik öhdəsinə düşən vəzifənin öhdəsindən gəlməyi bacarmır. Bu gün əkin sahələrinin şoranlaşması, əkinə yararlı torpaqların az olması Kənd Təsərrüfatı Nazirliyini ciddi narahat edir. Nazirlik isə vəziyyətdən çıxış yolunu GMO məhsullarında görür. Daha az ərazini əhatə edən əkin sahələrində çox məhsul götürmək. Bu gün KTN bu prinsiplə işləyir". Ekspertlər onu da qeyd edirlər ki, bir müddət öncə regionlarda saxlama kameralarının tikintisi üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrıldı. Bu kameraların tikilməsində əsas məqsəd ailə kəndli təsərrüfarlarının istehsal etdiyi məhsulların saxlanması idi. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu gün ailə kəndli təsərrüfatları üçün saxlama kameralarından istifadə əlçatmaz olub. Belə ki, bu kameralarda məhsulların saxlanması üçün tələb olunan məbləğin həddən ziyadə yüksək olması ailə kəndli təsərrüfatlarını alternativ variantlar üzərində düşünməyə vadar edir. Ancaq baxırsan ki, həmin kameralarda Quba alması əvəzinə İrandan gətirilən, üzərində müxtəlif etiketləri olan məhsullar saxlanılır. Bu proses bu günün özündə də davam edir. Bütün bunların yekunu olaraq qeyd etmək olar ki, GMO məhsullarından sığortalanma üçün bir sıra yollar hələdə qalmaqdadır. Bunun üçün dövlət səviyyəsində iş aparılmalı, GMO məhsullarını yerli istehsal kimi vətəndaşlara sırıyan sahibkarlar və bu sahibkarları himayə edən məmurlar cəzalandırılmalıdır.

Ədil Ədilzadə
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31