Geni dəyişdirilmiş məhsullar təhlükəlidirmi? - ARAŞDIRMA
16 Oktyabr 2012 19:15 İqtisadiyyatBu gün ölkə bazarlarında satılan məhsulların əksər hissəsi geni modifikasiya olunmuş (GMO) məhsullardır.
Bu mövzuya zaman-zaman toxunulsa da, GMO-nun insan orqanizmi üçün zərərli olduğu söylənilsə də, bu məhsulların Azərbaycana idxalı və ölkədə əkininin qarşısı hələ də alınmayıb.
"Elmdə geri qaldığımızdan genləşdirmə prosesinə normal dəyər verə bilmirik"
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi sayılmır: "Yəhudilər farel balığını çox sevirlər. Genetik modifikasiya yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar. Yəhudilərin hamısı - uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir. Azərbaycanda isə istehlak etdiyimiz məhsulların təxminən 90 faizə qədəri heyvan və bitki tərkibli GMO olduğu halda özümüzü göstərmək məqsədilə deyirik ki, bu, insan orqanizmi üçün zərərlidir və yaxud bu bitkilərin təbiətə zərəri var".
Ekspert hesab edir ki, mövzu ilə bağlı ajiotajın yaranmasına səbəb insanların bu məhsullar barədə bilgisiz olmalarıdır. Onun sözlərinə görə, GMO məhsullarının təhlükəli olması haqda məlumatların yayılması rəqiblər arasında mübarizənin nümunəsidir. Belə ki, gen modifikasiyası ilə məşğul olan qurumlar digərlərinin - kimyəvi maddələr, pestisidlər istehsalçılarının - maraqlarına toxunduğu üçün bu cür fikirlər yayılıb.
V.Məhərrəmovun bildirdiyinə görə, insan orqanizmi üçün zərərli olan məhsullar isə kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır: "Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddənin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində toplanan mineral maddələr toksik maddələrə çevrilir".
Müsahibimiz hesab edir ki, geni modifikasiya edilmiş məhsulların istehsalıa keçən əsrin 70-ci illərdən başlanılsa da, əslində gen modifikasiyası prosesi təbii yolla qədimdən həyata keçirilib: "Modifikasiya təbiətdə təbii olaraq baş verirmiş. Aqrobakterium var ki, o, xüsusən paxlalı bitkilərin kökündə yuva salır və havada olan azotu qəbul edərək bitkinin kökünə ötürür, qidalanmasında böyük rol oynayır. Bu da elə-belə baş vermir, həmin aqrobakterium öz ehtiyacını ödəmək üçün bunu edir. Yəni həmin bakteriaların daha çox şəkərə ehtiyacı olur, bitkidə şəkər yaranması üçün havada olan azotu qəbul edib bitkiyə verməklə yanaşı, həm də bitki onun şəkərə olan təlabatını "layiqincə ödəsin" deyə, öz DNK-sından fraqmenti bitkinin geninə modifikasiya edir, nəticədə bitki onlar üçün daha çox şəkər toplaya bilir. Bu sahə üzrə çalışan alimlər də bu prosesi izləyərək o nəticəyə gəliblər ki, bitkilərdə, heyvanlarda gen modifikasiyası etməklə müəyyən xəstəliklərə, zərərvericilərə qarşı mübarizəni təbii yolla təmin etmək olar".
Ekspert iddia edir ki, son zamanlar bitki üçün zərərli olan bəzi xəstəliklərin, zərərvericilərin qarşısı məhz bu yolla alınıb. Onun sözlərinə görə, bu sahədə elm böyük nailiyyətlər əldə edib, amma bu, hələ son deyil: "Ola bilsin ki, gələcəkdə geni modifikasiya edilmiş bitkilərin, heyvanların orqanizm üçün tamamilə zərərsiz olduğu daha geniş miqyasda sübuta yetiriləcək. Bu sahəni tam bilməyənlərdə bir neçə ildən sonra hansısa xəstəliklərin yayılması, yaxud alaq otlarının qarşısıalınmaz hala gələcəyi kimi şübhələr var".
V.Məhərrəmov söhbət zamanı bir fakta da toxunub. Dediyinə görə, bəzi hallarda uşaqlar peyvənd zamanı dünyasını dəyişir. Bunun qarşısını almaq üçün modofikasiya olunmuş məhsullardan istifadə edilir: "Uşaqlarda iflic xəstəliyinə qarşı immunitet yaratmaq üçün peyvənd işləri aparılarkən məlum olub ki, yeniyetmələrin bəziləri məhz bu anda həyatını dəyişir. Bunun qarşısını almaq üçün alimlər həmin peyvəndin ineksiya vasitəsilə vurulmasından vaz keçiblər. Əvəzində genetik modifikasiya edilmiş banan vasitəsilə iflic xəstəliyinə qarşı immunitet yarada biliblər. Yəni peyvənd işini təbii yolla həyata keçiriblər. Biz isə elmdə geridə qaldığımızdan həmin genləşdirmə prosesinə normal dəyər verə bilmirik".
Məhərrəmov ölkədə kartof yetişdirlməsində, böyük məhsuldarlığın əldə edilməsini ölkəyə genetik modifikasiya edilmiş kartof toxumunun gətirilməsi ilə izah edir. O bildirir ki, belə kartoflara kolaroda böcəyi toxunmur. Əvvəllər bu problem nəticəsində ölkədə kartof istehsal etməyin mümkünsüz hala gəldiyini deyən ekspert hal-hazırda genetik modifikasiya edilmiş kartofdan istifadə edildiyini və yaxşı məhsul əldə olunduğunu bildirir.
GMO məhsulların insan orqanizmi üçün zərərlərinə gəlincə, müsahibimizin iddiasına görə, bütün yayılan məlumatlar əsassız ittihamlardır.
"Azərbaycanda satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO-dur"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu məsələyə daha sərt yanaşır. Onun sözlərinə görə, GMO məhsullarının xeyri varsa, BMT-nin biomüxtəlifliyin qorunması haqqında sənədləri nəyə lazımdır? "Azərbaycanda GMO-ya dair olan sözbazlıq, boş-boş danışıqlar hər zaman mövcud olub. Qeyd edim ki, GMO məhsullarının yayılmasının arxasında Ümümdünya Ticarət Təşkilatı durur. Mansata şirkəti GMO əkinçiliyinin arxasında dayanır. Azərbaycanda Mansata şirkətinin istehsal etdiyi raundat mənim ofisimdə də var".
Bütün dünyada GMO-nun yayılması prosesi gedir. Baxmayaraq ki, 37-dən çox ölkə öz ərazisinə GMO-nu buraxmır, amma GMO-ya təslim olan ölkələr də az deyil. Müsahibim bildirir ki, GMO-ya təslim olan ölkələr həmin məhsulların üzərində GMO olduğunu qeyd edir. Azərbaycanda GMO-nu tərifləyənlərin bunu rüşvətlə etdiyini iddia edən AİB sədrinə görə, ÜTT ölkələrin siyasətinə belə formada təsir edir.
E.Hüseynovun dediyinə görə, bu ilin fevralında ölkə prezidentinin bununla bağlı sərəncamında ölkədə GMO məhsullarının gətirilməsinin qarşısının alınması qeyd edilib: "Bəzi GMO müdafiçiləri bu məhsulların insanları aclıqdan xilas edəcəyini bildirir. Düzdür, bu, bəzi ölkələr üçün keçərli ola bilər. İşçi qüvvəsi və torpağı olan Azərbayacana isə GMO lazım deyil. GMO ətraf mühitin biomüxtəlifliyini pozur. Bu, artıq sübut olunub".
Həmsöhbətimiz bildirir ki, ölkəyə GMO məhsullarının gətirilməsinə baxmayaraq, heç bir laboratoriya buna nəzarət etmir: "Standartlaşdırma Komitəsi laboratoriya gətirib, amma hələ çalışmır. Ölkədə GMO-ya qarşı heç bir eskpertiza aparılmır. Azərbaycanda satılan pomidorların 70, kartofun 40, soyaların 90, qarpızın 60 faizi GMO-dur. Təcrübə göstərir ki, Əfqanıstan və Pakistanda əkilən düyülər sonsuzluğa və xərçəng xəstəliyinin yayılmasına səbəb olur".
Sonda E.Hüseynov onu da bildirib ki, GMO-nun konkret zərəri elmlə aşkar edilməyib.
"Bəzən xaricdən gətirilən məhsullar GMO məhsullarla səhv salınır"
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, qurum ölkə bazarlarında satılan GMO məhsullardan xəbərdardır: "Bir qism mütəxəssis GMO məhsulların təhlükəsiz olduğu qənaətindədir. Digər mütəxəssislər isə bu məhsulların müəyyən vaxt keçdikdən sonra insan orqanizminə hansısa fəsadlar yaratdığını söyləyirlər. Təbii ki, əgər GMO məhsullarla bağlı şübhələr varsa, onların istifadəsindən qaçmaq lazımdır".
Müsahibim ölkədə GMO məhsulların geniş yayılması faktı ilə razı olmadığını deyərək, bildirib ki, bəzən xaricdən gətirilən məhsullar GMO məhsullarla səhv salınır. GMO məhsullarla bağlı qanun layihəsinin hazırlandığını, lakin hələ qüvvəyə minmədiyini bildirən Talıblı qurumun bu sahəni araşdıracaq laboratoriya quraşdıracağını vurğulayıb. Onun sözlərinə görə, yaxın günlərdə həmin laboratoriya işə başlayacaq və bundan sonra məhsulların ekspertizası ilə məşğul olunacaq: "Əsas GMO olduğu düşünülən məhsullar pomidor, kartof, soya və qarğıdalı bitkiləridir. Yaxın günlərdə laboratoriyalarımızda bu məhsullar araşdırılacaq".
"Gen mühəndisliyi adı altında gizlənən bu məhsullar aldatma formasıdır"
Biologiya elmləri doktoru, professor Hüseynağa Əsədov isə qeyd edir ki, son 20 il ərzində bazarlarda və iri mağazalarda ilin bütün fəsillərində istənilən meyvə və tərəvəzlər, müxtəlif aromatik maddələrlə zənginləşdirilmiş ət və ət məhsulları, toyuq əti, müxtəlif çeşidli yağlar, kəsmiklər, maye içkilər, "çipslər", qurudulmuş "çöpcüklər" və "popkorn" və s. al-əlvan örtüklərlə bəzədilərək hamının və xüsusən uşaqların nəfsini çəkməkdədir: "Əslində gen mühəndisliyi adı altında gizlənən bu məhsullar-aldatma formasıdır. Qeyd etdiyimiz kimi, gərəksiz bir orqanizmin hüceyrələrinə yeni bir gen yerləşdirərək, orqanizmi aldatmağa başlayırlar. Nəticədə bir heyvan və ya bitki yeni əlamət qazanır. Bu təcrübələrdə yaşıl yarpağı qırmızı rəngə, qırmızı pomidoru qara rəngə çevirmək mümkündür. Şaxtaya davamlı kartof yumrularını almaq üçün kartof bitkisinə qar çiçəyinin genlərini köçürürlər. Moruğun genini balığa, bakteriya genini kartofa, hepatit B-yə qarşı davamlı sort almaq üçün soğan genlərini, banan meyvələrini isə analginlə "zənginləşdirirlər""."Ekspress" qəzeti