Manatın devalvasiyası qaçılmaz idi
Deputat: “Neftin qiymətinin 3 dəfədən çox aşagı düşməsi məqsədli siyasi oyunun göstəricisidir”
13 Yanvar 2016 15:28 İqtisadiyyat"Manatın devalvasiyası qaçılmaz idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib. Dövlət başçısı bildirib ki, qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalvasiyaya uğramışdır. Xatırladaq ki, dünya bazarında neftin qiymətnin kəskin şəkildə aşağı düşməsi nəticəsində bir sıra ölkələrin milli valyutaları tamamilə dəyərdən düşüb. Dövlət başçısının təbiri ilə desək, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sırf iqtisadi amillərlə deyil, burada siyasi amillər öz rolunu oynayıb. Nəticədə dünyada baş verən maliyyə prosesləri Azərbaycana da təsirini göstərib. Ancaq dövlət başçısının məlum iclasda çıxışı onu göstərdi ki, devalvasiyadan, "üzən məzənnə"yə keçilməsindən sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, artıq hökumət devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir. Məlum olduğu kimi ilk növbədə pensiyaların və əmək haqqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması dövlət başçısı tərəfindən hökumət qarşısında bir nömrəli məsələ kim qoyuldu: "Bu baxımdan hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq".
Komitə sədri bununla yanaşı qeyd edib ki, Azərbaycan dövləti və xalqı özünün 25 illik müstəqilliyi dövründə bir neçə dəfə çətin iqtisadi-siyasi sınaqlarla üzləşib və hər dəfə də ölkə rəhbərliyi tərəfindən aparılan son dərəcədə düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu ağır sınaqlardan uğurla, ləyaqətlə, üzüağ çıxa bilib: "Hesab edirəm və qəti əminəm ki, bu dəfə də belə olacaq. Manatın devalvasiyasından sonra yaranan müəyyən çətinliklər heç də bəzi daxili və xarici anti-Azərbaycan qüvvələri sevindirməsin. Eyni zamanda, yaranan vəziyyətdən sui-istifadə etməklə varlanmaq həvəsinə düşənlər də "papaq"larını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Onlar süni qiymət artımına yol verməklə və insanlar arasında çaşqınlıq yaratmaq yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Onların qarşısı aidiyyatı dövlət qurumları tərəfindən çox tezliklə və kəskinliklə alınacaq. Bununla yanaşı, yuxarıda dediyim ki, Azərbaycan istəməyən qüvvələr də çox sevinməsinlər, sevincləri çox tezliklə qursaqlarında qalacaq. Azərbaycan dövləti və xalqı belə şeyləri çox görüb, çox yaşayıb, ancaq hər dəfə düşmənlərini kədərləndirib, dostlarını sevindirib. Heç kimin qarşısında boynunu əyməyib. Çünki Azərbaycan xalqının Heydər Əliyev və İlham Əliyev kimi çox mürik lideri olub, var. Məhz onların xalqla birgə vəhdəti nəticəsində Azərbaycan dövləti onun qarşısına çıxan bütün maneələri uğurla keçib, bütün çətinliklərin, sınaqların öhdəsindən şərəflə gəlib. Bu dəfə də belə olacaq. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi Azərbaycan dövləti, Azərbaycan xalqı bu sınaqdan, bu imtahahdan da çox uğurla və alınaçıq çıxacaq, öz dinamik, sıçrayışlı inkişaf yolunu davam etdirib dünyanın lider dövlətləri sırasında özünün əzəmətli yerini qoruyacaq. Buna əsla və əsla heç kimin şübhəsi olmasın" .
Onu da qeyd edək ki, sözügedən iclasda Prezident İlham Əliyev ölkədə istehlak qiymətlərinin artması ilə əlaqədar öz narahatlığını , süni qiymət artıran işbazlarla təkcə inzibati yollarla mübarizənin kifayət olmadığını bildirdi. Dövlət başçısı eyni zamanda, belə xoşagəlməz hallarla mübarizənin gücləndirilməsi ilə əlaqədar Respublika Prokrurluğuna ciddi tapşırıqlar verdi. Millət vəkili Azər Badamov bildirib ki, ölkə başçı xüsusilə qeyd etdi ki, 100 faiz idxaldan asıllı olmayan məhsulların qiymətləri heç bir halda arta bilməz: " Bu, həqiqətən belədir. Çünki ölkədə enerji daşıyıcılarının qiymətləri artmayıb və yerli istehsal olunan məhsulların ərsəyə gəlməsi üçün heç bir əlavə xərc tələb olunmur". O, qeyd edib ki, həm də sahibkarlığın inkişafı üçün bir sıra qanunlar qəbul olunub, fərman və qərarlar imzalanıb. Onun bildirdiyinə görə, dövlət tərəfindən özəl sektorun inkişafı ilə əlaqədar hərtərəfli islahatlar aparıldığı zamanda yerli istehsalın qiymətlərinin artması qəbuledilməzdir və süni şəkildə artan qiymətlər isə işbazların "fəaliyyəti"nin nəticəsidir: "Amma idxal əsasında istehsal olunan mallların qiymətləri isə istehsalın tərkibindəki idxalın faizinə görə tənzimlənməlidir. Yəni, bir məhsulun istehsalı 10 faiz idxalla formalaşıbsa, həmin məhsulun qiyməti də 10 faiz arta bilər. Əgər belə məhsulun qiyməti 20 faiz və daha çox artırılarsa, bu, möhtəkirliyin nəticəsidir və bele hallara qarşı da mübarizə ciddi olmalıdır. İdxal olunan malların qiymətlərinin artması realdır. Çünki bu, dünyada gedən siyasi-iqtisadi oyunların nəticəsidir. Yəni, dövlətlər bir-birilərinə təzyiq metodu kimi neftin qiymətinin kəskin ucuzlaşdırılmasından istifadə edirlər. Nəticədə isə münaişələrə heç bir aidiyyəti olmayan ölkələrin iqtisadiyyatları da əziyyət çəkməyə başlayır. İclasda ölkə başçısı bizim ölkəmizin iqtisadiyyatında baş verən hadisələri də birbaşa belə siyasi oyunlarla bağlı olduğunu geniş ictimaiyyətin diqqətinə çatdırdı. Yəni, dünya iqtisadiyyatında böyük böhran baş verməsə də, neftin qiymətinin 3 dəfədən çox aşagı düşməsi məqsədli siyasi oyunun göstəricisidir. Düşünürəm ki, belə siyasi oyunlar uzun çəkə bilməz. Artıq vəziyyət o yerə gələcəkdir ki, iqtisadiyyatı siyasətə çevirən, siyasi təzyiq alətinə döndərən ölkələrin özlərinin iqtisadiyyatlarına da neftin ucuzlaşmasının təsiri başlayacaq və həmin ölkələrdə də iqtisadi çətinliklər yaranacaq".
Nurlan