İƏT-in XII zirvə toplantısı başa çatdı

İƏT-ə sədrlik Türkiyədən Azərbaycana keçdi

Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilib.Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov, İordaniyanın sənaye və ticarət naziri Shabib Ammari, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Jumaqaliyev iştirak ediblər. Görüşü İƏT-in XI zirvə toplantısının sədri adından Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan açıb. İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyədən Azərbaycana keçdi. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda çıxş edib. Sonra İƏT-in XII zirvə toplantısının gündəliyi qəbul olunub. Daha sonra digər rəsmi şəxslər - Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, İran Prezidenti Mahmud Əhmədinejad, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan Prezidenti Asif Əli Zərdari, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan da çıxış ediblər. Zirvə toplantısı çərçivəsində İƏT-2012 Bakı bəyannaməsi qəbul olunub, 24 ölkədən 8 nəfərə İƏT mükafatları təqdim edilib, növbəti sammitin Pakistanda keçirilməsi qəbul edilib. Zirvə toplantısı artıq öz işini başa çatdırıb. Toplantının sonunda prezident İlham Əliyev çıxış edib.

Zirvə görüşünün keçirildiyi gün Bakıda bir sıra rəsmi görüşlər də baş tutub.Toplantı çərçivəsində Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad  Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə arasında görüş keçirilib. Prezident Mahmud Əhmədinejad və baş nazir Ərdoğan arasında baş tutan təkbətək görüşün təfərrüatları barədə mətbuata açıqlama verilməyib. Həmçinin Bakıda İranın xarici işlər naziri Əli Əkbər Salehi və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş keçirilib. (OLAYLAR) İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31