Bank sektorunda islahatlar qaçılmazdır

Fikrət Yusifov: “Prezident bank sistemində islahatların aparılması məsələsinə toxunarkən ilk növbədə onların konsolidasiya edilməsinə toxundu”

Dünya bazarlarında neftin qiymətində qeydə alınan rekord qiymət azalması bir çox ölkələrdə, eləcə də Azərbaycanda milli valyutanın dəyərdən düşməsi, nəticə etibarilə devalvasiya prosesinin yaşanmasına gətirib çıxartdı. Bir neçə ay ərzində iki dəfə qeydə alınan devalvasiya ölkənin maliyyə bazarında arzuedilməz proseslərin yaşanması ilə müşahidə edildi. Yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan bir çox işbazlar, xüsusilə özəl banklar vətəndaşı daha da çıxılmaz duruma saldı. Vətəndaşların banklardan zamanında ABŞ dolları ilə aldıqları kreditləri hazırkı məzənnə ilə tələb edən işbazlar mövcud vəziyyətdən çıxış yolları tapmaq, hökumətə, həmçinin əhaliyə dəstək göstərmək əvəzinə vəziyyətin bir qədər də kritikləşməsinə zəmin yaratdılar. Bu isə avtomatik olaraq bir sıra özəl bankların fəaliyyətinin araşdırılması, ümumilikdə bu sektorda islahatların keçirilməsi vacibliyini gündəmə gətirdi. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu məsələyə də toxundu. Dövlət başçıları bankların daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmasını vacib sayan ölkə başçısı bu sahədə islahatlar aparılmasının da qaçılmaz olduğunu ifadə edib: "Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır". Özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməli olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, özəl banklar gəlirlə yanaşı dövlət maraqlarını da hər şeydən üstün tutmalıdırlar: "Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb".
Prezidentin də qeyd etdiyi kimi bank sektorunda islahatlar qaçılmazdır. Çünki bu gün ölkədə fəaliyyət göstərən özəl bankların böyük əksəriyyəti yalnız bir amala, vətəndaşa yüksək faizlə kredit verib onun həyatını puç etməyə xidmət edir. Bəzi
nazirlik və qurumlar kimi yalnız bir-birini təkrarlayan, vətəndaşı müflis edən özəl bankların əksəriyyətinin fəaliyyətində mövcud olan qeyri-şəffaflıq həmin bankların hətta bağlanmasına şərait yarada bilər. Faktiki olaraq bu gün bankların böyük bir qismi dələduzluq və fırıldaqla məşğuldur. Ona görə də dövlət başçısının bank sektorunda islahatlar mesajı zamanında səsləndirilən fikirdir.

Bəs görəsən bu islahatların mexanizmi necə həyata keçiriləö bilər? Yaxud bank sektorunda həyata keçirilməsi nəzərdə tutulan islahatlar bu sahədə nəyi müsbət istiqamətə doğru dəyişəcək?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, bank sektorunda islahatlar ilk növbədə onların konsolidasiya edilməsini nəzərdə tutmalıdır. Onun sözlərinə görə, bu gün Azərbaycanda bankların konsolidasiya edilməsi bank sistemində aparılacaq islahatların ən başlıca məsələlərindən biridir: "Bəlkə də kimsə düşünür ki, bu istiqamətdə artıq çox iş görülüb. Çünkü bir neçə illər öncə Mərkəzi Bank bankların nizamnamə kapitalına olan tələbi artırdıqdan sonra bankların sayı bir qədər azaldı. Bəli bu addım bankların sayının azalması istiqamətində müəyyən nəticələr verdi. Lakin bu hələ heç də hər şey demək deyil. Baxın 90 milyona qədər əhalisi olan Polşada bir milyon əhaliyə 2 bank xidmət edirsə, bizdə əhalinin hər bir milyonuna 4,5 bank düşür. Başqa bir misal. Fransada əhalinin sayı 70 milyonu ötsə də bu ölkədə hər bir milyon əhaliyə 1 bank düşür. Bu rəqəmlər öz-özlüyündə bizdə olan bankların sayının çoxluğunu bir daha sübut edir. Elə bu səbəbdən də Prezident bank sistemində islahatların aparılması məsələsinə töxunarkən ilk növbədə onların kosolidasiya edilməsi məsələsinə toxundu. Nədir konsolidasiya? Bu bir məqsəd naminə müəssisələrin birləşərək daha güclü bir quruma çevrilməsi deməkdir". Fikrət Yusifov deyib ki, ölkə iqtisadiyyatının qarşısında bu gün duran ən önəmli məsələlərdən biri real sektora yatrımların mümkün qədər çox edilməsini təmin etməkdir: "Bu sektora sərfəli kreditlərin verilməsi isə daha güclü banklar tərəfindən həyata keçirilə bilər. Bank sektorunun qarşısında bu gün duran ən ciddi və həlli vacib digər məsələ isə bank sistemində yol verilmiş ən böyük yanlışlığı - maliyyə sistemini ağır bir duruma gətirmiş dollar xərçəngini müalicə etmək olmalıdır. Mərkəzi Bank bu gün bütün mümkün tədbirlərlə manatın nüfuzunu bərpa etməyə borcludur. Bunun üçün bizim də xeyli vaxtdır təklif etdiyimiz bir addım artıq atıldı-banklardan kənar valyutadəyişmə məntəqələrinin bağlanması baş verdi. Lakin qeyd edək ki, yaranmış problemin həllində bu birinci addımdır". İqtisadçı bildirib ki, bundan sonra isə qara bazarın birmənalı şəkildə aradan qaldırılması istiqamətində kordinal addımlar atılmalıdır. Əks halda bağlanmış valyutadəyişmə məntəqələrinin yerini qara bazarın dəllaları tutacaq ki, buna isə qətiyyən yol vermək olmaz.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31