“DALĞA-94” MMC-də mebel istehsalı və satışı qadağan edildi
16 Oktyabr 2012 18:37 İqtisadiyyatAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən "DALĞA-94" MMC-də mebel istehsalına dövlət nəzarəti həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə mebellər (divan, kreslo, yataq dəsti, stol və stul) AZS Milli Sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. İstehsal zamanı istifadə olunan 104 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istifadə olunur ki, bu da "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun deyildir. İstehsal olunmuş mebellərin üzərində markalanma aparılmır, müəssisənin adı və ünvanı göstərilmir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq "DALĞA-94" MMC-yə inzibati protokol tərtib edilmiş, müəssisədə istehsal olunan mebellərin (divan, kreslo, yataq dəsti, stol və stul) istehsalı və satışı qadağan edilmişdir. ("OLAYLAR"İA)