Dollarla krediti olanlar nə etməlidir?
Ekspert: “ Mərkəzi Bankın kompensasiya ödəməsini təklif edirəm”
12 Yanvar 2016 13:39 İqtisadiyyatDolların manata nisbətən məzənnəsinin yüksəlməsi xarici valyutaya olan tələbatın artrması ilə nəticələnib. Hazırda narahatçılıq yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyutadəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, "yoxa çıxmasındadır". Banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil. Baxmayaraq ki, Mərkəzi Bank və hüquq mühafizə orqanları "qara bazar"da valyuta satışının qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirirlər. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, reallıq bundan ibarətdir ki, dekabrın 21-də manatın kursunun 50 faiz aşağı düşməsilə əslində dollar ajiotajı yaranıb. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbi kəskin artırmalı idi və bu da baş verdi: "Belə görsənir ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb. Bununla, Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir ki, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil, indiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır". Onun sözlərinə görə, bu kimi səbəblərdən hazırda dollarla krediti olan vətəndaşlarımız ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər. Müşahidələr göstərir ki, bəzi banklar ötən həftə hətta hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər. Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi 321 manat xərci olacaqdı, "qara bazar" kursu ilə isə 360 manat ödəməli olublar. Deməli, hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər. Aylıq ödəniş yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlərlə ifadə olunur. Hər bankın öz kursu olduğundan 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollarla ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanın qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsinə ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın. Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. Ekspert dollarla kreditləri olanlara Mərkəzi Bankın kompensasiya ödəməsini təklif etməklə yanaşı, onun mexanizmini də göstərib: "Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər. Mərkəzi Bank kompensasiya vermədiyi halda vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi mümkünsuz görsənir. Çünki söhbət heç də kiçik rəqəmdən getmir. Əmək haqqları manatla olan kredit götürənlərin bu öhdəliyi qaldırması elə də asan deyil. Bu isə o deməkdir ki, Mərkəzi Bank Qazaxıstanda olduğu kimi ən azı istehlak, yəni əhalinin götürdüyü kreditləri üzrə fərqi tam olaraq kompensasiya etməlidir. İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun isə cəmi 20 faizi yəni 1 milyard 417 milyon manati milli valyutada saxlanılırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanılan əmanətlərin də manat ifadəsində artımlar olub. Amma etiraf etmək lazımdır ki, istehlak kreditləri götürən vətəndaşlarımızın çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını manat ifadəsində artırıb. Dollar ilə olan kreditlərdəki fərqi kompensasiya etmək üçün mənbə də var. Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Fondun gəlirləri dollar, xərcləmələri isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı o zaman fond 7 milyard 791 milyon dollar bazarda satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hal-hazırda isə fond cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra Nef Fondu 2 milyard 547 milyon dollara qənaət etmiş olacaq. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət isə imkan verir ki, vətəndaşların dollarla olan istehlak kreditləri üzrə fərqi kompensasiya etmək mümkün olsun. Bu baxımdan, problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar".
Alim