“Kreditlərin dollarlaşmasının qarşısı alınmalıdır”
Elxan Mikayılov: “Daxildə alqı-satqı əməliyyatlarında dollarla əməliyyatlar bir müddətlik olsa da qadağan edilməli və bunun üçün inzibati tədbirlər gücləndirilməlidir”
11 Yanvar 2016 12:34 İqtisadiyyatÖlkənin maliyyə bazarında son vaxtlar müşahidə edilən xoşagəlməz proseslər və bundan dolayı yaranan problemlər hökuməti antiböhran tədbirləri görməyə məcbur edib. Artıq bu istiqamətdə hərəkətə keçən müvafiq qurumlar mövcud vəziyyətin normallaşdırılması istiqamətində çalışırlar. Həyata keçirilən antiböhran tədbirlərinin səmərəliliyinin artırılması, effektli tədbirlərin görülməsi üçün müstəqil iqtisadçılar, bu sahə ilə məşğul olan mütəxəssislər də müxtəlif təkliflərlə çıxış edirlər.
İqtisadçı Elxan Mikayılov deyir ki, birinci növbədə bazarın dollar təchizatı artırılmalıdır: "Məlum olduğu kimi ölkəyə dolların girişini təmin edən əsas mənbələr bunlardır: İxracdan əldə edilən gəlirlər, xarici investisiyalar, xaricdən pul köçürmələri, xarici borclar və qrantlar. İxracdan əldə edilən gəlirlərimiz əsasən neft hesabınadır. Bu istiqamətdə həm monetar, həm fiskal və də real sektor üçün indiki şəraitdə daha çox gəlirlərin xərclənməsinə və beləliklə dövriyyəyə əlavə dolların daxil olmasına şərait yaradılmalıdır.
Bu xərcləmə təkcə büdcə vasitəsilə aparılmamalıdır, eyni zamanda Neft Fondundan daxili investisiyaların həcmi artırılmalıdır. Bu iqtisadi aktivliyin artırılmasına təkan verməklə yanaşı daha çox dolların bazara daxil olmasına səbəb olacaq. Azərbaycanda kifayət qədər uğurlu investisiya layihələri tapmaq mümkündür və Neft Fondu investisiya siyasətini xaricdən daha çox daxilə yönəltməlidir. Xarici investisiyaların təşviqi və həmin investisiyalar vasitəsilə dolların daxil olmasının daha da artırılması üçün biznes mühit tam liberallaşdırılmalı, investisiyaların qorunması qanunvericiliyi təkmilləşdirilməli, Azərbaycanın tiranzit istehsal ölkəsi kimi formalaşmasına şərait yaradılmalıdır. Digər tərəfdən qısa müddət ərzində qeyri neft ixracının artırılması üçün əməli addımlar atılmalı, hazırlanan İxrac və İnvestisiyaların Təşviqi Strategiyası qəbul edilərək icra edilməlidir. Xarici borclara gəldikdə isə indiki şərait imkan verir ki, hökumət iqtisadiyyatın stimullaşdırılması və büdcənin doldurulması üçün daha çox xarici borclanmaya getsin və onun hesabına dollar təchizatın artırsın". Elxan Mikayılovun sözlərinə görə, xaricdən pul köçürmələri əhəmiyyətli şəkildə azalsa da, bu istiqamətdə görüləcək siyasət tədbiri dollarla pul köçürmələri üçün güzəştli
şəraitin yaradılması ola bilər: "Qrantların həcmi kiçik olsa da bu da valyuta daxilolması üçün önəmli mənbədir. İkinci vacib addım isə iqtisadiyyatın dollarlaşmasının qarşısının alınması və manatdan istifadə bazasının genişləndirilməsidir: "Hazırda dollara tələb kəskin şəkildə artmaqdadır. Bunun qarşısının alınması üçün strategiya hazırlanmalıdır. Mərkəzi Bankın 500 dollardan yuxarı əməliyyatlar üçün tələbləri sərtləşdirməsi bu mənada təqdirəlayiq haldır. Bundan Rusiyada və digər dollarlaşan ölkələrdə də istifadə olunur. Bundan əlavə kreditlərin dollarlaşmasının qarşısı alınmalı, Mərkəzi Bank çox aşağı uçot dərəcəsi ilə bankların təkrar kapitallaşdırılmasını həyata keçirməli və manatla kredit təklifinə şərait yaratmalıdır. Əksinə dollarla kreditlər üçün isə yuxarı uçot dərəcəsi müəyyənləşdirməlidir. Bundan əlavə daxildə alqı-satqı əməliyyatlarında dollarla əməliyyatlar bir müddətlik olsa da qadağan edilməli və bunun üçün inzibati tədbirlər gücləndirilməlidir. İdxalın həvəsdən salınması üçün ÜTT-nin qaydaları çərçivəsində tarif kvotası, yəni müəyyən həcmdə idxaldan sonra daha yüksək tariflərlə idxal rejimindən geniş istifadə edilməlidir. Bununla yanaşı xaricə ticarət əməliyyatlarında ticarət tərəfdaşları ilə razılıq əldə etməklə milli valyutalardan istifadə ilə bağlı işlər aparılmalıdır. Bu mənada İranla aparılan danışıqlar təqdirəlayiqdir. Əsas məsələlərdən biri də manata tələbi artırmaq üçün alternativ maliyyələşmə mexanizmləri, kapital bazarı inkişaf etidirilməlidir". Ekspert deyir ki, əslində monetar və maliyyə sektoru ilə bağlı hökumətə Beynəxalq Maliyyə Fondu və Dünya Bankı tərəfindən kifayət qədər əsaslı təkliflər verilib. Sadəcə bu təkliflərin reallaşdırılması üçün zəruri aidiyyəti qurumlara, xüsusilə Mərkəzi Banka əlavə mandatlar verilməlidir. Elxan Mikayılov vəziyyətdən digər bir çıxış yolu kimi vətəndaşların valyuta və ümumi maliyyə savadlılığının artırılması və dollardan istifadə səviyyəsinin azaldılmasına təşviq edilməsini görür. Onun sözlərinə görə, vətəndaşlara izah etmək lazımdır ki, manatı dəyərdən salan tərəflərdən biri də vətəndaşların özləridir: "Psixoloji amillərin təsiri ilə dollar alan vətəndaşlar dollara tələbi artırırlar. Bununla bağlı maairfləndirmə tədbirləri həyata keçirilməlidir. Dollarla yanaşı digər valyutalardan istifadənin genişləndirilməsi də lazımdır. Evro və digər valyutalardan istifadə hallarına şərait yaratmaq məqbul olar. İnflyasiyanın yumşaldılması üçün monetar alətlərdən geniş istifadə edilməlidir. Bununla bağlı onsuz da müəyyən tədbirlər görülür. İndi ölkədə inflyasiya əsasən devalivasiya nəticəsində baş verir. Əslində dünyada qiymətlərin ucuzlaşması prosesi gedir. Deməli indi daha çox monetar amillər infilyasiyanı artırır. Ancaq burda əsas kimi həm o götürülməlidir ki, iqtisadi aktivliyi stimullaşdırmaq üçün manatla pul təklifini artırmaqdan çəkinmək lazım deyil".
Kamal