Sahibkarlar 210.500 manat məbləğində cərimə olunublar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin on ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verilib. Komitədən "Olaylar"a verilən məlumata görə, dövlət nəzarəti qaydasında aparılan yekunlaşmış yoxlamaların 855-i yəni, 53%-i ərzaq məhsullarının, 474-ü təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i isə yəni, 17.8%-i dövlət metroloji nəzarətə aid olub. Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210.500 manat məbləğində inzibati qaydada cərimələr tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31