Manatın qısamüddətli bahalaşması baş verə bilər

Samir Əliyev: “Belə halın baş verməsi tam mümkündür”

Ötən gün yenidən maliyyə bazarında arzuedilməz proseslər müşahidə edilib. Belə ki, bankların heç birində rəsmi olaraq dollar satışı həyata keçirilməyib. Azərbaycan Mərkəzi Bankı isə hər gün dollar satışı həyata keçirir. Ancaq bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil. Valyuta bazarının ikinci ən böyük donoru olan Dövlət Neft Fondu isə yeni ildə hələlik dollar satışı etməyib. Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək. İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, məzənnədə dəyişiklik olmasa, Dövlət Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq: "Deməli, Fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin yaxın günlərdə satış baş tutacaq. Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir". Samir Əliyev bildirib ki, bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil: "Bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq. Artıq son günlər üçüncü amil - spekulyasiya proseslərə diqtə etməyə başlayıb. Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər". Samir Əliyev deyib ki, belə halın baş verməsi tam mümkündür: "İndiki vəziyyətdə hökumətin kənardan seyirçi mövqedə durması başa düşülən deyil. Mərkəzi Bank ötən gün satış həyata keçirtməyib və bunun təkrar olunmamasına zəmanət yoxdur. Həm Mərkəzi Bank, həm də Dövlət Neft Fondu öz ehtiyatlarını qorumaq niyyətindədir. Neft isə ucuzlaşmaqda davam edir. Devalvasiya hesabına neft dollarları yüksək nominallı manat gəlirlərinə çevrilir. Qiymət artımı hesabına dövriyyə artır və paralel olaraq vergi daxilolmaları da artır". İqtisadçı deyib ki, belə vəziyyət yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, bu gün əsas sual üçüncü devalvasiyanın olub-olmaması deyil: "Manatın hansı həddə qədər ucuzlaşması narahatlıq yaradır. Belə getsə dəyişiklik vergüldən əvvəlki rəqəmdə baş verə bilər. Üzən məzənnədə devalvasiya hadisə sayılmır. Çünki proses hər gün gedir. Deməli, üçüncü devalvasiya qorxusu da olmamalıdır. Hökumət özündən asılı olan (kapital axını) və asılı olmayan (neftin ucuzaşması) problemləri həll edə bilmirsə, heç olmazsa spekulyasiyanın qarşısını alsın. Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər. Ölkədə dollara tələbat çoxdur. Mərkəzi Bank isə hələki bankların tələbatını qarşılamaq niyyətində olmadığı kimi görünür". Samir Əliyev onu da deyib ki, Azərbaycanın həm dövlət şirkətlərinin, həm də banklarının beynəlxalq reytinqlərinin gələcəyi dumanlı görünür: "Neftin ucuzlaşması fonunda milli valyutanın iki dəfə devalvasiyaya uğraması həmin qurumların likvidliyinə mənfi təsir göstərib. Yüksək reytinqə malik olmayan şirkətlərimizin bundan sonra mövqelərinin pisləşməsi gözləniləndir. Artıq bəzilərinin mövqeyində geriləmələr müşahidə olunur. Hətta banklardan birinin reytinqi geri alınıb. Dövlət şirkətləri və
banklar üçün qarşıdakı aylarda beynəlxalq reytinq mövqelərini qorumaq çətin görünür. Hər bir halda bəzi bankların və dövlət şirkətlərinin reytinqinin pisləşməsi qaçılmaz olacaq".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31