Lisenziyaların verilməsinin «ASAN xidmət»ə həvalə edilməsi...
Sahibkarlığın inkişafına təkan verəcək
7 Yanvar 2016 14:38 İqtisadiyyatAzərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib. Sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb ki, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosial yönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Hazırda sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran Dövlət Proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaratmışdır. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan vergi yükü azaldılmışdır. Millət vəkili Azər Badamov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sahibukarlığın inkişafına yönəlik Fərman və sərəncamlarını kiçik və orta sahbikarlığın inkişafında yeni mərhələ adlandırmaq olar. "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərman kiçik və orta sahibkarlığın sürtəli inkişafı üçün bir sıra maneələrin, eləcə də bürokratik əngəllərin aradan qaldırılmasında olduqca mühüm bir amildir. Digər tərəfdən, sahibkarlığın inkişafını sürətləndirmək üçün lisenziyaların verilməsi prosesinin "ASAN xidmət"ə həvalə olunması çox uğurlu bir addımdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və olan şəxslər qısa müddət ərzində lazım olan hüquqi sənədləri əldə edə biləcək. Bu sahibkarlara göstərilən dövlət dəstəyidir. Digər tərəfdən, bu addım həm də xidmət keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artırılmasına, korrupsiya, rüşvətxorluq hallarının isə tamamilə aradan qalxmasına gətirib çıxaracaq, sahibkarların effektiv fəaliyətini təmin edəcək: "Sahibkarlığın inkişafına dəstək, regionların inkişafı məsələsi Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən biridir. Son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatının dövlətin iqtisadi siyasətinin başlıca istiqaməti kimi qeyd edilməsi bir daha göstərir ki, ölkə hakimiyyətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır". Onun sözlərinə görə, bu gün bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsi müasir inkişaf mərhələsinin reallıqlarıdır: "Bütün bu görülən işlər isə bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir. Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir".
Alim