İnhisarçılığın aradan qaldırılması ucuzlaşmaya səbəb olacaq

Ölkədə baş verən devalvasiyanın təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlər səmərəsini verməkdədir. Xatırladaq ki, 21 dekabr devalvasiyasından dərhal sonra mütəxəssislərin irəli sürdükləri təkliflər paketində idxal mallarında inhisarçılığın aradan qaldırılması məsələsi əsas prioritet təşkil edirdi. Çox keçmədən prezident İlham Əliyev məsələ ilə bağlı mövqeyini ortaya qoydu. Dövlət başçısı 2015-ci il dekabrın 29-da bildirib ki, inhisarçılığa qarşı mübarizə daha da gücləndiriləcək. "İnhisarçılığa qarşı əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli, rəqabəti təmin etməliyik". Ölkə başçısı bunun söz olaraq qalmayacağını, prosesə şəxsən nəzarət edəcəyini və nəticəsini hər kəsin görəcəyini də bəyan efib. "Hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizmlər işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatlarında görməlidirlər".

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib ki, Azərbaycanda təkcə gömrük sahəsində yox, bütövlükdə srtuktur, institutsional, idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir.Millət vəkilinin deyinə görə, belə islahatlara start verilməsi zərurətdən doğur: "Əgər həqiqətən də sözügedən istiqamətlərdə hazırkı reallıqların dərk edilmiş məntiqinin diqtə etdiyi meyarlar və yeni çağırışlar səviyyəsində zəruri islahatlar başlasa, sistemli və davamlı şəkildə həyata keçirilsə, onda potensialı güclü olan Azərbaycan eyni vəziyyətə düşmüş dügər ölkələrlə müqayisədə bu vəziyyətdən nisbətən az itki ilə çıxa blər. O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki inhisarçılıq meylləri və digər çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair". Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, DGK Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir. Onun fikrincə, idxal oplunan mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz: "Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıalrın maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, əgər mal düzgün bəyan olunmayıbsa QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və Gömrük Tarifi Haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir". İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxlərdir. M.Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar mürəciət edib qiymətlərlə tanış ola bilərlər: "Bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır". Xatırladaq ki, Prezidentin bəyanatından sonra Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev monoıpoliyanın ləğvinə ciddi hazırlığın getdiyini faktiki olaraq təsdiq edib: "Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar". Ekspertlərin qənaətinə görə, bahalaşmanın qarşısını ala biləcək əsas açarlardan biri məhz gömrük sistemidir. Heç kimə sirr deyil ki, Azərbaycanın gömrük sistemində müəyyən inhisarçılıq hallar müşahidə olunur. Fiziki və hüquqi şəxslər gömrükdən mal, məhsul keçirmək istəyərkən onlardan əlavə ödənişlər tələb olunur. Nəzərə almaq lazımdır ki, hansısa məhsulu rəsmi şəkildə ölkəyə gətirmək çox çətindir, qeyri-rəsmi şəkildə isə çox böyük vəsait hesabına başa gəlir. Bu baxımdan demək olar ki, gömrük sisteminin sadələşdirilməsi ölkəyə ucuz mal daxil olmasına imkan yaradar ki, bu da devalvasiya nəticəsində baş verən qiymət artımının qarşısını al bilər. Çünki, bəzi mallar gömrükdən keçiriləndə 30-40 faiz, bəziləri isə dəyərindən 3-4 dəfə baha başa gəlir. Dövlət başçısının xaricdən gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsi ilə bağlı göstərişi isə heç şübhəsiz ki, tezliklə ölkənin biznes mühitinin əhəmiyyətli dərəcədə sağlamlaşmasına gətirib çıxaracaq. Nəinki sahibkarlar, həm də sadə vətəndaşlar bunun xeyrini öz həyatında hiss edəcəklər. Mütəxəssislər hesab edirlər ki, ölkədə inhisarçılığın məğv edilməsi Azərbaycan iqtisadiyyatını dirçəldəcək, ölkədə normal ticari rəqabət mühiti yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Digər bir məsələ məsələ tədiyyə balansı ilə bağlıdır ki, indiyə qədər idxal malları tam rəsmiləşdirilmədiyindən rəsmi olaraq ölkədən çıxan dollar ölkəyə gətirilən dollardan az idi. Amma bütün mallar rəsmiləşdirilsə, məlum olacaq ki, ölkədən xaricə kifayət qədər böyük pul kütləsi daşınır. Deməli, kapital axınına nəzarət etmək üçün gömrük sistemində inhisarçılığın aradan qaldırılması əsas şərtdir.


Zəka
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31