Antiböhran tədbirləri mövcud vəziyyəti dəyişəcəkmi?
Pərviz Heydərov: “Dövlət büdcəsindən sosial istiqamətdə maliyyələşdirmə genişləndirilməlidir”
5 Yanvar 2016 12:53 İqtisadiyyatMilli Məclisin yola saldığımız keçən ildə keçirilən sonuncu iclası zamanı belə məlum oldu ki, hökumət xüsusi antibohran tədbirləri işləyib hazırlayıb. Belə ki, spiker Oqtay Əsədov bildirdi ki, yaranmış maliyyə və iqtisadi situasiya ilə əlaqədar olaraq hökumət və Mərkəzi Bank (AMB) tərəfindən hazırlanan müvafiq tədbirlər planını əhali yaxın günlərdə əyani müşahidə edəcək. Odur ki, sual yaranır, görəsən, bunlar nədən ibarət olacaq və yaxud olmalıdır?
Iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, neftin dünya bazarlarında qiymətinin 2014-cü ilin iyun ayından bəri enməsi prosesi bir sıra qonşu ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatında öz mənfi təsirlərini 2015-ci il ərzində o qədər hiss etdirmədisə də, makroiqtisadi göstəricilər və bu sahədə dayanıqlıq kifayət qədər sarsıldı. Ekspertin sözlərinə görə, bu özünü ilk növbədə Azərbaycan Mərkəzi Bankının fevral ayının 21-i tarixdə manatın xarici valyutalara nəzərən məzənnəsinə korrektə addımından dərhal sonra göstərməyə başladı: "Lakin ümid vardı ki, neftin qiyməti əgər, 50 Birləşmiş Ştatlar dolları civarında qalardısa, makroiqtisadi göstəricilər və dayanıqlıqdakı zəifləmə bir o qədər də dərinləşməyəcək. Məsələ bundadır ki, antiböhran tədbirlərinin hazırlanmasına da əslində, elə məhz bu zaman başlamaq lazım gəlirdi. Ancaq təəssüf ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektoruna dair bir sıra sığorta tədbirləri həyata keçirməklə kifayətləndi. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında sui-istifadə halları və süni qiymət artımının qarşısını almaqdan savayı, digər hökumət qurumları tərəfindən heç bir birgə fəaliyyət həyata keçirilməsi qeydə alınmadı. Odur ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən dekabrın 21-də növbəti korrektə əməliyyatı, daha dəqiq desək, manatın dəyərinin üzən məzənnə mexanizmi üzrə buraxılması vəziyyəti lap qəlizləşdirdi və pisləşdirdi". Pərviz Heydərov hesab edir ki, ona görə də real olaraq, hökumət tərəfindən təcili şəkildə kompleks sığorta tədbirləri həyata keçirilməsinə ehtiyac yaranıb: "Bu dəfə təkcə bank sektorunu sığorta etməklə iş keçməyəcək. Əhalinin sosial müdafiəsi istiqamətində də addımlar atmaq tələb olunur". İqtisadçı Pərviz Heydərov hesab edir ki, ümumiyyətlə, antiböhran tədbirləri 4 istiqamətdə həyata keçirilməlidir. Onun sözlərinə görə, ilk növbədə ən ciddi problem bank sektorudur və onlar tərəfindən indiyədək verilən kreditlər üzrə yarandığından təcili olaraq dollarla kredit götürənlər üçün müəyyən təkliflər paketi və müvafiq geri ödəniş mexanizmi işlənib hazırlanmalıdır: "İkincisi, dövlət büdcəsindən sosial istiqamətdə maliyyələşdirmə genişləndirilməli - əmək pensiyaları ilə sosial müavinətlərin və minimum əmək haqqı azı 40-50 faiz artırılmalı, həmçinin əhalinin banklarda manatla olan əmanətləri indeksləşdirilməli, ümumən bütün növ əmanətlər üzrə daha yüksək səviyyədə sığortalanma siyasəti
həyata keçirilməlidir. Üçüncüsü, istehlak bazarında yerli istehsala aid məhsulların da idxal malları ilə bərabər səviyyədə bahalaşmaması, yəni qiymət artımının qarşısının alınması üçün bütün vasitələrdən istifadə olunmalı və birincilərə dair bir sıra vergi güzəştləri tədbiq etməklə, bu sahədə istehsala hərtərəfli güclü dövlət dəstəyi göstərilməlidir. Dördüncüsü isə, neftin dünya bazar qiymətləri lap, 25 və hətta 20 dollara qədər düşərsə də belə, manatın məzənnəsinin 1 dollar=1,55 AZN və 1 dollar=1,80 AZN aralığından kənara çıxmaması üçün məsələn, xaricdən müvafiq borc vəsaitlərinin cəlb olunmasına gedilməsi kimi addımların atılması da nəzərdən keçirilməlidir". Cari il, yanvarın 1-dən spirtli içki satışında tətbiqinə başlanılan yeniliklə əlaqədar ekspert deyib ki, bunun nə məqsəd daşıdığı aydın olsa da, əslində kifayət qədər düşünülməmiş addımdı: "İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə görə, alkoqollu içkilərin plastik kart olmadan satışına görə, cərimə və cinayət məsuliyyətinin nəzərdə tutulması vergidən yayınma hallarının qarşını almaq məqsədilə strateji baxımdan müsbət addım xarakter daşısa da, bunu dəyəri bilavasitə 50 manatdan aşağı deyil. Bunu yuxarı olan mallar üçün tədbiq etmək daha məqsədəuyğun olardı. Xəbər verilir ki, yanvarın 1-i səhər saatlarından bütün ərzaq mağazalarında alkoqollu içkilər rəflərdən yığışdırılıb, bəzi yerlərdə isə onların yeri başqa mallarla doldurulmağa çalışılıb. Belə ki, spirtli içkilərin xeyli miqdarda hissəsinin topdansatış məntəqələrinə və distribütor firmalarına geri qaytarılacağı gözlənilir. Çünki, xırda mağazalarda pos-terminallar yoxdur və plastik kartla alış-veriş aparılmır. Buna görə də hesab edirəm ki, plastik kartla alış-verişə əhalinin yüksək gəlir əldə edən hissəsini cəlb etmək lazım idi, kasıbları yox. Odur ki, sabah pensiya kartı ilə araq alanların sayına görə, heç bir şəkildə bu ölkə vətəndaşlarını qınamaq lazım gəlməyəcək".
Füzuli