Fındıq emalı və ixracı
Zaqatalada bu mövzuda tədbir keçirib
15 Oktyabr 2012 17:31 İqtisadiyyatOktyabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin və Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının və ixracının təşviqi" mövzusunda tədbir keçirib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafın təmin edildiyini vurğulamış, özəl sektorun inkişafı, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Zaur Qasımov məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırıb. Çıxışda fındıq istehsalının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının təşəbbüslərinin dəstəklənməsi tədbirlərinin davam etdirildiyi vurğulayıb. Tədbirdə həmçinin, Almaniyanın "Schlüter&Maack" şirkətinin nümayəndələri tərəfindən təqdimatlar keçirilmiş, xarici bazarlara, o cümlədən Avropa bazarlarına daxil olmaq üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabətqabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib.