Nabranda müşahidə apardığımız bir neçə turizm müəssisəsində olarkən devalvasiyanın burada turist sayına təsir etməsini öyrəndik. Buradakı 4 ulduzlu otellərin əməkdaşlarının sözlərinə görə, keçən illə müqasiyədə bu il yeni il bayramında aldıqları sifarişlər azalıb. Otel meneceri Əlövsət Məhərrəmov deyir ki, keçən il 100 sifariş var idisə, bu il həmin göstərici 70% aşağı düşüb.


Digər bir turizm obyektinin nümayəndəsi Etibar İsayev də sifarişlərin azlığından gileylənir. "Sifarişlərin sayında, təbii ki, azalma var. Bu, manatın devalvasiyasi ilə əlaqədardır. Hardasa 30 nəfərə yaxın sifariş almışıq. Bu vaxt üçün bu göstərici minimaldır".
Vəziyyət o yerə çatıb ki, obyekt sahibləri Yeni il ərəfəsində endirimlərə əl atmağa məcbur olub. Bu mərkəzlərin bir neçəsində qiymətlərdə 20 faiz endirim edilib. Belə ki, 2 nəfər üçün nəzərdə tutulan bir otaqlı koteclər keçən qış 50 manat idisə, bu il bu 40 manat təşkil edir. 2 və 4 otaqlı koteclərdə də qiymətlər 20% aşağı salınıb.
Xaçmaz mədəniyyət və turizm şöbəsindən də bildirildi ki, təbii ki, manatın dəyərinin aşağı enməsi ilə əlaqədar yeni il tətilinə gələnlərin sayında azalma müşahidə olunacaq. Qurumdan bildirildi ki, əgər keçən qış mövsümü və yeni il günlərində Xaçmaza 5525 nəfər turist gəlmişdisə, bu il bu sayın xeyli azalacağı proqnozlaşdırılır. Keçən qış 986 nəfər xarici turist qəbul edən Xaçmaz bu Yeni il tətili üçün xarici turistlərdən, demək olar ki, sifariş almayıb.


