“Problemin yaranması BP ilə bağlıdır” - AKTUAL

Sərdar Cəlaloğlu: “BP və digər xarici şirkətlər beynəlxalq cinayətkarlıqla məşğuldur”

Azərbaycan hökuməti ilə "BP" şirkəti arasında yaranmış problem rəsmi Bakını sözügedən şirkətə qarşı daha ciddi addımlar atmaq məcburiyyətində qoyub. Şirkətin Azərbaycana vurduğu ziyanı ödəməyəcəyi təqdirdə rəsmi Bakının "BP" ilə yollarını ayıracağı bildirilir. Hətta məlum problemin beynəlxalq məhkəmə səviyyəsinə çıxacağı da istisna edilmir. Məsələyə münasibətdə isə mövqelər demək olar ki, birmənalıdır. Əksər siyasilər və ekspertlər hesab edir ki, şirkət Azərbaycan qarşısında götürdüyü öhdəliklərə əməl etməyib. Həmçinin "BP" Azərbaycana külli miqdarda ziyan vurduğu üçün onu ödəməlidir.

Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev deyib ki, "BP" ilə Azərbaycan arasındakı münasibətlər barədə şərh verənlər sensasiya xatirinə ictimaiyyəti qorxutmamalıdırlar. Onun sözlərinə görə, "BP" şirkətinə olan münasibətdə ən ciddi sözü və tənqidi presedent səsləndirib: "BP-nin də reaksiyasından görünür ki, onlar bu mövqeyi, tənqidi qəbul edirlər. İndi isə informasiyalar daxil olur ki, kimisə şirkətdən çıxarıblar və ya başqa bir nəfəri təyin edəcəklər. Əslində prezidentin tənqidində bütün bu tələblər öz yerini almışdı. Ona görə də bunu şişirdib sensasiya naminə kəskinləşdirmək, Azərbaycan üçün növbəti qlobal təhlükəyə çevirmək ziyandır. Kimliyindən asılı olmayaraq dövlətin mövqelərini müdafiə etmək lazımdır. Çünki bu bizim milli maraqlarımıza aid olan məsələdir". Aydın Ağayev problemin beynəlxalq məhkəmə səviyyəsinə gedib çıxacağına inanmadığını söyləyib: "Çünki proses elə bir vəziyyətdə deyil. BP böyük təcrübə, gücə, tarixə malik şirkətdir. Etiraf etmək lazımdır ki, qlobal iqtisadiyyat, bəzən siyasət məsələlərinə də şirkətin qarşıçacağı olub. Ancaq xarici ekspertlər də deyirlər ki, BP ilə Azərbaycan arasında indiyə qədər olan münasibətlər çox yaxşı, qarşılıqlı anlaşma mahiyyəti daşıyıb. Hətta bəzən təcüb edilir ki, bu problem necə yaranıb". Aydın Ağayev deyir ki, problemin yaranması "BP" ilə bağlıdır: "BP-nin bu məsələdə çox diqqətli olması lazımdır. Həmçinin BP şirkəti Azərbaycan hakimiyyətini yaxşı tanıyır. Eyni zamanda Azərbaycan prezidentinin siyasətini, prinsipiallığını, qətiyyətini bilir. Ona görə də onlar bu məsələdən lazımı nəticə çıxaracaqlar". Plotiloq hesab edir ki, Azərbaycan tərəfi hansı tələbi irəli sürürsə, həmin tələbin yerinə yetirilməsi istiqamətində konkret işlər görülməlidir".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən elə bir şirkət yoxdur ki, Azərbaycana ziyan vurmasın: "Azərbaycan neft gəlirlərindən yalnız xalis gəlirlərdən faiz götürür. Bu o deməkdir ki, ümumi gəlir nə qədər çox xərclənsə Azərbaycana bir o qədər xalis gəlirdən az pay çatacaq. Halbuki qanunda gərək Azərbaycan xalis gəlir deyil, ümumi gəlirdən pay götürərdi. Çünki ümumi pay götürəndə şirkətlərin oyun oynamaq imkanı olmur. Yəni, nəyisə baha gətirib burada satsalar belə gəlirləri olmur, özlərinə ziyan dəyir. Ancaq xalis gəlir zamanı xaricilər ümumi gəliri özlərinin başqa şirkətlərinə yönəldirlər. Yerdə cüzi şəkildə Azərbaycana xalis gəlir qalır. Elə avdanlıqlar var ki, dünya bazarında onun qiyməti ucuz olduğu halda BP həmin avadanlığı Azərbaycana yüz dəfə baha gərir. Yaxud BP-nin işçilərinin Azərbaycandakı cah-cəlallı həyat tərzi, işçi və təmsilçilərinin əmək haqqısı ümumi gəlirdən çıxır". ADP sədri onu da deyib ki, xarici şirkətlər öz üzərilərinə düşən öhdəlikləri də yerinə yetirmirlər. Sərdar Cəlaloğlu onu da qeyd edib ki, "BP" şirkəıti  uzun illər Azərbaycan iqtidarının lobbiçiliyini edib: "Son vaxtlar isə Azərbaycana qarşı çox ciddi beynəlxalq hücumlar var. BP isə bu məsələlərdə artıq kənarda qalır. Çünki dünyada vəziyyət o qədər gərginləşib ki, artıq iqtisadi maraqlar əsas kimi çıxış etmir. Beləliklə də BP-nin bu məsələlərdə iştirakı getdikcə məhdudlaşır. Azərbaycan iqtidarı da haqlı olaraq deyir ki, indiyə qədər sənə imkanlar yaratmışam, külli miqdarda pul qazanmısan. Ancaq bunun qarşılığında lobbiçilik etmir". Partiya sədrinin sözlərinə görə, Azərbaycan iqtidarı "BP" və digər xarici şirkətlərin beynəlxalq cinayətkarlıqla məşğul olduğunu bilir: "Bunu hətta həmin ölkələrin analitikləri, siyasətçiləri də bilirlər və açıq şəkildə söyləyirlər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31