Dollarla krediti olanları nə gözləyir?
Banklar güzəştə gedəcəkmi?
28 Dekabr 2015 14:06 İqtisadiyyatAzərbaycanın üzən məzənnə siyasətinə keçməsilə əlaqədar manatın dollara nisbətən ucuzlaşması əhalinin kredit borcunu qaytarmasında çətinliklər yaradıb. Belə ki, manatın ucuzlaşması dollarla kredit götürən müştərilərə nə az, nə çox, düz əlli faiz artıq vəsait ödəməsi ilə nəticələnir. Məsələ orasındadır ki, manatın məzənnəsinin dəyişməsinin təsiri banklar deyil, cadə vətəndaşlar üzərində hiss olunmaqdadır. Banklar onsuz da gec, yaxud tez, xoşla, yaxud məhkəmə yolu ilə müştərilərinə verdiyi krediti faizi ilə birgə alacaq. Ancaq narahatedici məqam ondan ibarətdir ki, banklar müştərilərinin düşdüyü vəziyyəti dəyərləndirərək optimal variant təklif etməkdə belə maraqlı görünmürlər. Baxmayaraq ki, hər bir müştəri ilə məhkəmədə görüşmək heç də bankların xeyrinə deyil. Çünki bu məsələ mülki məsələ olduğundan xeyli vaxt itgisi, uzun-uzadı məhkəmə çəkişmələri, əlavə vəsaitin xərclənməsi və sair kimi prosedurları keçməyə ehtiyac yaranır. Bütün bunlara baxmayaraq banklar yaxalarını kənara çəkərək problemin həllini hökumətin çiyninə yükləməyi üstun tuturlar. Məsələnin mürəkkəbliyini nəzərə alan Mərkəzi Bank kommersiya banklarının rəhbərləri ilə görüş təşkil edib. Görüşdə AMB tövsiyyələrini verərək kommersiya bankları müştəriləri dəstəkləməyə, onlarla davranış üzrə düzgün metdoları seçməyə çağırıb. Məlumata görə, Azərbaycan bankları dollarda olan kreditlərin restrukturizasiyası (ödəniş müddətinin dəyişdirilməsi) prosesinə başlayacaqlarına razılıq veriblər. Lakin burada da məqsəd müştərilərə güzəşt etmək yox, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar kredit ödənişinin gecikdirilməsi hallarının artmasının qarşısını almaqdır. Məlumata görə, artıq bir sıra banklar təkliflə çıxış ediblər. Öz portfelində dollarda olan kreditlərin restrukturizasiyası haqqında qərar qəbul edən banklardan biri də "Amrahbank"dır. Bank artıq öz müştərilərinə istehlak kreditləri üzrə şərtlərə yenidən baxılması ilə bağlı təkliflə müraciət edir. O cümlədən, bank müştərilərinə istehlak kreditləri üzrə faiz dərəcələrini 29-dan 17 faizədək azaltmağı, həmçinin kredit ödənişi müddətinin artırılmasını təklif edir. Bank tərəfindən hər bir müştəriyə borcların qalığından asılı olaraq fərdi yanaşlılır. Qeyd edək ki, kreditlərin restrukturizasiyasına hazırlaşan banklar arasında PAŞA Bank, DəmirBank, Bank VTB (Azərbaycan) və digərlərinin adını çəkmək olar. Bəs, atılan addım müştərilərin kredit ödənişini təmin edə biləcəkmi?
Xatırladaq ki, artıq dollarla götürülən kreditlərin qaytarılmasını təmin etmək məqsədilə bir sıra ekspert, millət vəkili və elə bankların özləri təkliflərlə çıxış ediblər. Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib ki, Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib. Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib: "Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına - kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. - əl atmalıdır. Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür". Z. Nuriyev bildirib ki, bütün Avropa ölkələrində və dünyanın bir çox dövlətlərində devalvasiya zamanı əhalinin əmanətlərinə müvəqqəti olaraq 100 faizlik təminat verilib. Bunu əsas gətirən Z. Nuriyev əlavə edib ki, beynəlxalq təcrübədə qəbul olunmuş bu formatdan çıxış edərək ABA belə bir təkliklə çıxış edib: "Bizim hökumətə təqdim etdiyimiz və təklif etdiyimiz məsələ bütün əhali əmanətlərinin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığorta olunması ilə əlaqədardır. Bununla bağlı biz Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Mərkəzi Bank da öz növbəsində təkliflər paketini hökumətə təqdim edib. Buna görə Əmanətlərinin Sığortalanması Fondu haqqında qanuna müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif etmişik". Z. Nuriyev qeyd edib ki, ABA tərəfindən kommersiya banklarının öhdəliklərinin, problemli kreditlərin, eləcə də devalvasiya nəticəsində xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılanması ilə bağlı heç bir quruma müraciət olunmayıb: "Biz bununla əlaqədar Azərbaycan Mərkəzi Bankına müraciət etməmişik. Bu, bankların və Mərkəzi Bankın məsələsi deyil. İqtisadçı ekspertlərdən bəziləri təklif edib ki, devalvasiya fərqindən Mərkəzi Bankda yaranmış 3 milyard əlavə vəsait hesabına bu məsələyə baxıla bilər. Amma biz hökumətə müraciət edə bilmərik ki, kiminsə hesabına bizə pul verin. Çünki, dövlət kommersiya banklarının öhdəlikləri üzrə məsuliyyət daşımır. Ona görə də bizim elə bir müraciət etməyimiz və belə yardım istəməyimiz düzgün olmaz".
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qeyd edib ki, manatın növbəti devalvasiyası ilə əlaqədar əhalinin kommersiya banklarına olan 10 min manata qədər borclarının əvvəlki məzənnə ilə ödənilməsi nəzərdə tutula bilər. Deputat əlavə edib ki, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların aldığı kreditlərin (10 min manata qədər) köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər: "Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün". V.Əhmədov deyib ki, bankların bağlanmaq təhlükəsi yoxdur və onların hər birinin iqtisadi cəhətdən manevr etmək imkanları var. O, həmçinin qeyd edib ki, əmanətlərin qorunması məsələsi gündəmdədir: "Bildiyiniz kimi 30 min manatadək olan əmanətlər qorunur. Biz təklif etdik ki, əmanətlər 250, 500 min manata qədər qorunsun və 3 il müddətinə monopoliya qoyulsun ki, heç bir problem yaranmasın. Hökumət belə addımlara gedə bilər, çünki, beynəlxalq praktikada da bu var".
Ekspertlərin rəy və təkliflərindən bəlli olur ki, nə hökumət, nə də kommersiya bankları kreditlərin qaytarılmasında güzəştə getmək niyyətində deyil. Əslində buna qanunvericilik də imkan vermir. Xatırladaq ki, 21 fevral devalvasiyasından sonar Konstitusiya Məhkəməsinın çıxardığı qərar da bunu mümkünsüz etmişdi. Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin "ödəniş müddəti çatanadək" müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn "öhdəliyin əmələ gəldiyi vaxt" müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. Buradan belə məlum olur ki, çıxış yolu yalnız və yalnız ödəniş müddətinin uzadılmasındadır ki, bunun da banklar tərəfindən necə qarşılanacağı bəlli deyil.
Alim