Qeyri-dövlət pensiya fondları yaradıla bilər

"Qarşıdakı illər ərzində qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur". Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Fond sədrinin sözlərinə görə, bütün bunlar "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.S. Müslümov onu da bildirib ki, vahid sığorta-pensiya sisteminin kifayət qədər əhatəliliyinin təmin edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 273 min nəfər pensiyaçı və 2 105 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb."Maliyyə dayanıqlığının artırılmasına yönəldilmiş istiqamətlərdən biri də sığorta-pensiya sistemində yığım komponentinin tətbiqidir. Yəni, müəyyən stimullaşdırıcı vasitələr daxil edilməklə yığım komponenti vasitəsilə məşğul əhalinin sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb olunmasıdır" - deyə, fond sədri əlavə edib. Onun sözlərinə görə, hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işi davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31