Yeni vergi qaydaları nə vəd edir?
24 Dekabr 2015 12:46 İqtisadiyyatVergi Məcəlləsində edilən dəyişikliyə əsasən gələn ildən bir sıra sahələr üzrə yeniliklər təşkil ediləcək. Əsəsən bəzi sahələrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququqnun verilməsi həmin sahələrin inkişafına hesablandığı bildirilir. Məsələn tikinti sektoru ölkə iqtisadiyyatının inkişaf edən mühüm sahələrindən biridir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi hüququnun tanınması inşaat sektorunda canlanmanın olacaqı qənaətinə gəlinir. Ekspertlərin qənaətinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər tikinti sektorunun fəaliyyətinin canlandırılmasına və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasına hesablanıb. Qeyd edək ki, Məcəllədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib. Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ƏDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladıqda, tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi. Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə yenə də ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə təsdiq edilmiş əmsallar tətbiq edilməklə ƏDV tutulan minimum dövriyyə müəyyən edilərək həmin sahələrin təqdim edildiyi ayda ƏDV hesablanaraq büdcəyə ödənilirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV, təqdim etmədən əldə edilən gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq.
Digər bir yenilik idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlıdır. Məlumata görə, yeni qaydaların tətbiqi nəticəsində əldə edilən gəlirlər hesabına büdcədə artım baş verəcək. Vergilər Nazrliyindən bildirilib ki, müasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin potensialının səmərəli istifadə olunmasına çalışırlar. Bu baxımdan leqal mərc oyunları dünya təcrübəsində büdcəyə gəlir gətirən əsas sahələrdən biridir. Azərbaycanda da bütün dünyada olduğu kimi idman mərc oyunları keçirilir. Məlum olduğu kimi, idman mərc oyunlarından əldə edilən uduşlar 2013-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırılmasına, oyunların əhatə dairəsinin genişlənməsinə və bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olub. İdman mərc oyunları dövlət büdcəsi üçün potensial gəlir mənbələrindən biridir və bütün bunlar həmin sahədən əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib. Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması qeyri-neft sektorundan büdcə daxilolmalarının artmasına səbəb olacaq.
Nurlan