Ekspert: “Xarici təcrübədə say etibarilə bizdəki qədər lisenziyalaşdırma yoxdur”
23 Dekabr 2015 15:04 İqtisadiyyat"Ölkədə sahibkarlığın inkişafı və biznes imkanlarının genişlənməsi üçün tədbirlər davam etdirilir. Dövlət tərəfindən həyata keçirilməkdə olan bu tədbirlər Dövlət başçısının sədrliyi altında Nazirlər Kabinetinin bu ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasından sonra xüsusən geniş vüsət aldı".
Bu barədə Azadinform-a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O qeyd edib ki, ölkədə tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılması da bütün bu tədbirlər komleksinə daxildir və bunun davamıdır: "Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə əksini tapan bu müddəa ən çox tələbat olan malların istehsalı və satışı üzrə stimul yaradılması məqsədi daşıyır və bunda da əsas hədəf dövlət büdcəsi gəlirlərinin artırılmasına kiçik də olsa dəstəyə nail olmaqdır".
Lisenziyaların sayının və rüsum dərəcələrinin əhəmiyyətli dərəcədə azaldığını vurğulayan P. Heydərov qeyd edib ki, onların verilməsi mexanizmi də sadələşdirilib: "Xarici təcrübədə bizdəki say qədər lisenziyalaşdırma yoxdur. Azərbaycanda isə az qala bütün fəaliyyət növləri üzrə lisenziya almaq tələb olunurdu. Nəyə görə? Çünki bu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bir baryer idi. Və bu baryer müvafiq dövlət orqanları tərəfindən əlavə qazanc əldə etmək məqsədi ilə qoyulub. Lisenziya əslində o fəaliyyət növləri üçün tələb olunur ki, ölkənin və vətəndaşların təhlükəsizliyi üçün hansı dərəcədə əhəmiyyət daşıdığı və yaxud rol oynadığı yoxlanılsın. Məsələn, tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin insan sağlamlığı üçün hansı səviyyədə təhlükə yaratdığı adi qaydada məlumdur. Ancaq bunların keyfiyyətli istehsalı və satışı bizdə nəyə görə xüsusi lisenziya əldə olunmasını tələb etdiyi aydın deyildi. Hesab edirəm ki, bu cür tədbirlər və insanların bizneslə məşğul olmalarını asanlaşdırmaq üçün bir sıra addımlar hələ bundan sonra da davam etdiriləcək və atılacaq.