Azərbaycan TAP layihəsindən imtina edə bilər
Avropa ölkələri süni maneələri aradan qaldırmasalar
22 Dekabr 2015 15:11 İqtisadiyyatAzərbaycan bir sıra beynəlxalq enerji layihələrinin təşəbbüskarı, təşkilatçısı və icraçısı kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirib. Lakin bir sıra hallarda qarşı tərəflərin məsuliyyətsizliyi ucbatından bəzi layihələrin nəzərdə tutulan müddətdə reallaşması müşkül məsələyə çevrilib. Hansı ki, belə irimiqyaslı layihələrin gerçəkləşməsi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər. Məsələ orasındadır ki, həmin layihələrin reallaşmasına əngəl törədənlər elə sözügedən Avropa ölkələri və onların müxtəlif dövlət və özəl qurumlarıdır. Belə layihələrdən biri də Trans Adriatik Pipeline ( TAP) qaz ixracı boru kəməridir ki, Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur və Avropa İttifaqının 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilir.
***
Məlumat üçün qeyd edək ki, TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qaz sayılırdı. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanmalı idi. TAP kəmərinin tikintisinə isə 3 il tələb olunurdu. TAP layihəsi 791 km olmaqla 1315 km olan Nabukko ilə müqayisədə 524 km az olmaqla yanaşı, daha ucuz başa gəlməli idi. Kəmərin 478 km-i Yunanıstandan, 105 km-i Albaniyadan, İtaliyanı isə 45 km sahildən kənar, 5 km isə sahilyanı əraziləri əhatə edəcəkdi. Trans Adriatik Qaz Kəmərinin Nabukko layihəsindən təqribən 5 dəfə ucuz baş gəlir. Eyni zamanda, istehsalçı və idxalçı dövlətlərin də tam maraqlarına xidmət edəcəkdi. Belə ki, Azərbaycan öz qazını münasib qiymətə satmaqla yanaşı, yuxarıda sözügedən ölkələrə baha satılan qazın daha ucuz qiymətə nəqlini həyata keçirmiş olurdu. Bununla TAP layihəsinin həyata keçməsi ilə Rusiya və Əlcəzairdan qaz təchizatındakı asılılıq əhəmiyyətli dərəcədə azalacaqdı. Bundan həmçinin Sloveniya, Çexiya və digər mərkəzi Avropa dövlətlərinin də yararlanması nəzərdə tutulurdu. Buna baxmayaraq, fakt ondan ibarətdir ki, bəzi Avropa dövlətləri belə sərfəli bir layihənin reallaşmasında iradə nümayiş etdirmək niyyətində deyil. Baxmayaraq ki, Azərbaycan hazırda da Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeganə alternativ mənbədir.
Məlumdur ki, hazırda xeyli Avropa ölkəsi iqtisadi tənəzzül mərhələsini yaşayır. Demək olar ki, maliyyə böhranı bu ölkələrin iliyinə işləyib. Nəticədə digər dövlətlərdən asılı olan bu ölkələrin iqtisadiyyatı tamamilə tənəzzülə uğrayıb. TAP istifadəyə veriləcəyi təqdirdə isə Balkan ölkələrində, xüsusən, dərin iqtisadi böhran keçirən Yunanıstanda, İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilərdi. Mövcud iqtisadi böhran nəticəsində Yunanıstan və İtaliyada iqtisadi geriləmə və işsizlərin sayının durmadan artması müşahidə olunur. Yunanıstanın Ümumi Daxili Məhsulundan 2013-cü ildə 6%, İtaliyada isə 7% olmuşdur. Yunanıstandan işsizlik 2013-cü ilin mart ayına 26.8%, İtaliyada isə 2010-cu illə müqayisədə təqribən 2% artaraq 11.40% olmuşdur. Hazırda İtaliyada böhranın qarşısının alınması üçün geniş islahatlar aparılır. Bəzi ekspertlər qeyd edirlər ki, İtaliya böhrandan artıq çıxmışdır və ÜMM defisit 2%-ə enmişdir. Amma bu inandırıcı deyil. Çünki Avropa Birliyinin gələcək taleyi, böhrandan daha çox əziyyət çəkən Yunanıstan, İtaliya kimi dövlətlərin iqtisadi stabilliyinin bərpası və işsizliyin aradan qaldırılması ilə müəyyən olunacaq. Bu baxımdan TAP layihəsi Avropa Birliyi ölkələrinin də maraqlarını da əks etdirir. Burada əsas məqsəd Avropa Birliyinin böhran üçün ən həssas olan ölkələrin iqtisadiyyatlarını bərpa etməyə şərait yaratmaqdır. Bu da prinsip etibarı ilə Avropa Birliyi dövlətlərindən ayrılan pul hesabına deyil, xarici investiyalar, xüsusilə də, iqtisadi inkişafın əsas dayaqlarından enerji layihələri hesabına təmin edilə bilər. Eyni zamanda, TAP layihəsinin reallaşması bir çox iqtisadi problemlərin həllini özündə ehtiva edə bilərdi. İlk növbədə İtaliya, Yunanıstan və iqtisadi cəhətdən az inkişaf etmiş Albaniyada dərinləşən iqtisadi və siyasi böhranın qarşısını almaqla yanaşı enerji resursları ilə çalışan şirkətlərin genişlənməsinə, daxili bazarda baha başa gələn qazın qiymətinin aşağı salınmasına gətirib çıxaracaqdı. Təəssüf ki, Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir, bu ölkələrin QHT və KİV-ləri TAP əleyhinə təbliğat aparır, bəzənsə də bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin şahidi oluruq. Beləliklə, paradoksal mənzərə yaranır: Azərbaycan həm bütün mümkün riskləri nəzərə alaraq Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün alternativ təklif edir, həm enerji daşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür, həm də bu ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının kaprizləri, yersiz tələbləri ilə üz-üzə qalır. Reallıq isə tamamilə başqa münasibətin göstərilməsini diktə edir. Azərbaycanın onsuz da kifayət qədər enerji resursları və onları dünya bazarına çıxarmaq üçün alternativ variantları var. Belə halda, Avropa ölkələri özləri maraqlı olmalıdır ki, məhz bu enerji resurslarından onlar da yararlana bilsinlər. Başqa sözlə, Avropa ölkələrinin bir çoxu qurtuluşu, böhrandan çıxış yolunu məhz bu layihələrin gerçəkləşməsində görməlidirlər. Əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, həm ümumavropa səviyyəsində, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır. Əks halda Azərbaycan alternativ variantları işə sala bilər. Artıq yeni variantları səbirsizliklə gözləyən ölkələr də mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlardan bəlli olduğu kimi Azərbaycan qazının Türkiyəyə nəqlini təmin edəcək TANAP layihəsinin inşası sürətləndirilərək. Yaddaşları təzələmək üçün qeyd edək ki, bu layihənin 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Avropa birmənalı olaraq dərk etməlidir ki, Azərbaycanın mövcud enerji ehtiyatları ənənəvi bazarlar üçün yetərlidir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərin gərginləşməsi fonunda Türkiyə bazarında əlavə imkanlar açılır. Belə olduğu təqdirdə, Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsinin nə dərəcədə zəruri olması sual doğurur.
Alim