Neft qiymətlərinin aşağı salınması Rusiyanın iqtisadi tənəzzülünə hesablanıb

Vaşinqtonun maraqlarına xidmət edən bu addım dünya iqtisadiyyatını da uçuruma sürükləyir

Dünyanın güc mərkəzləri arasında üstün mövqelərə sahib olmaq, enerji və karbohidrogenlərlə zəngin olan bu və ya digər regionlara nəzarəti ələ keçirmək uğrunda mübarizə getdikcə dərinləşir. Əgər son 5-10 ilə qədər bu mübarizə özünü siyasi müstəvidə göstərirdisə, bu gün dünya nəhəngləri siyasətdən daha çox iqtisadi sahədə bir-birinə qarşı mübarizə aparır, bir tərəf digər tərəfin iqtisadi cəhətdən tənəzzülə uğramasına çalışır.

Bu gün iqtisadi sahədə üstün mövqelərə sahib olmaq uğrunda açıq mübarizə əsasən Birləşmiş Ştatlarla Rusiya arasında gedir. Ukrayna böhranı ortaya çıxandan və Krımın zorla Rusiyaya birləşdirilməsindən sonra Birləşmiş Ştatların, Qərbin ciddi sanksiyaları üzləşən Rusiya bir qədər iqtisadi tənəzzüllə üzləşsə də, lakin Kremlin həmin ərəfədə etdiyi müəyyən gedişlər onu iqtisadi cəhətdən tamamilə məvh olmaq təhlükəsindən uzaqlaşdırmışdı. Hətta Rusiyanın Qərbin iqtisadi sanksiyaları qarşılığında Çin və Türkiyə ilə əlaqələri inkişaf etdirməsi Moskvanın Qərbə dirəniş göstərməsini də şərtləndirə bilirdi. İqtisadi sanksiyaların Rusiya üçün acı nəticəsini səbrsizliklə gözləyən Birləşmiş Ştatlar və Qərbin anidən Moskvanı Suriyada öz qarşısında görməsi birinci tərəf üçün heç də xoş bir sürpriz sayıla bilməzdi. Artıq Qərbə tam aydın idi ki, Rusiyanın sanksiyalar qarşılığında ayaqda durması, hətta ona gövdə nümayiş etdirməsinin arxasında məhz Türkiyə ilə əlaqələr dayanır. Ona görə də ilk mərhələ kimi Moskva-Ankara münasibətlərinin korlanması, hətta tərəflərin müharibə vəziyyətinə gəlib çıxması üçün təxirəsalınmaz planlar üzərində işlənildi və buna nail olundu. Bir tərəfdən Qərbin sanksiyaları, digər tərəfdən Türkiyə ilə əlaqələrin pozulması Rusiya iqtisadiyyatına gözlənilməz zərbə idi. Qarşıda isə Kremlə daha bir öldürücü, onu məhvə sürükləyən zərbə vardı ki, ona da bir neçə gün əvvəl start verildi. Əlbəttə ki, söhbət dünya bazarlarında neft qiymətlərinin planlı şəkildə kəskin olaraq aşağı salınmasından gedir.

Məlumat üçün qeyd edək ki, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Əgər həmin ərəfədə neftin qiymətlərinin aşağı düşməsi sırf iqtisadi amillərlə bağlı idisə, bu gün sözügedən məsələdə siyasi amil əsas rol oynayır. Əgər vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün Birləşmiş Ştatlar və onun təsirində olan OPEK tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salaraq nəhəng imperiyanın süqutu reallaşdırıldısa, hazırda eyni ssenari Rusiyaya qarşı tətbiq edilir. Bu arada qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranın fonunda ABŞ-n federal rezervlər siyasətini yenidən gözdən keçirməsi də məhz Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün düşünülmüş addımdır. İndiyə qədər toxunmadığı yanacaq-energetika ehtiyatlarının istehsal və ixracına qərar verməsi

də böhranın dərinləşməsi üçün atılan addımlardandır. Hər kəsə məlumdur ki, Rusiya iqtisadiyyatının ayaqda durmasını neft və digər enerji resurlarından gələn gəlirlər tənzimləyir. Ötən müddət ərzində Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının 0,8 faiz geriləməsinə səbəb olmuşdusa, il sonuna qədər bu göstərici 2 faizə yaxın ola bilər. Çünki Rusiyanın neft sənayesindəki vergilərdən əldə etdiyi gəlirlərin azalması iqtisadiyyatına böyük təsir göstərəcək.

Maraqlı məqam ondan ibarətdir ki, Birləşmiş Ştatların maraqlarına xidmət edən bu addım yalnız Rusiya iqtisadiyyatına öz mənfi təsirini göstərmir. Bu cür maraqlar eyni zamanda dünya iqtisadiyyatına, digər neft ixrac edən ölkələrin iqtisadi tənəzzülünə də səbəb olur. Neft qiymətlərini aşağı salmaqla Rusiyanı məhv etmək siyasətinin digər ölkələrə də təsir etdiyini görən Neft İxrac Edən Ölkələrin Təşkilatı-OPEK isə Birləşmiş Ştatların ssenarisinə zidd çıxaraq mövcud vəziyyəti nizama salmağa maraq göstərmir. Halbuki OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahibdir. Ancaq göründüyü kimi OPEK getdikcə ABŞ-ın geosiyasi maraqlarını həyata keçirən bir qruma çevrilir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31