Üzən məzənnəni də cilovlamaq mümkündür

Bununla sünii qiymət artımının qarşısı alına bilər

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Xatırladaq ki, 2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. Dekabrın 21-də, bu günsə ikinci devalvasiya baş verdi və dollara nisbətən manat təqribən 55 faiz ucuzlaşdı. Hazırda baş verən devalvasiya ilə bağlı cəmiyyətdə ajiotaj yaşanır. Ancaq mütəxəssislər hesab edirlər ki, Azərbaycanda üzən məzənnə siyasətinə keçid labüd idi və ondan çəkinməyə ehtiyac yoxdur. Mərkəzi Bankın idarə heyətinin sədr müavini Aftandil Babayev qeyd edib ki, üzən məzənnə siyasətinin əsas mahiyyəti ondan ibarətdir ki, manatın xarici valyutalara, xüsusi olaraq ABŞ dollarına qarşı məzənnəsi bazar prinsipləri əsasında liberal şəkildə formalaşacaq. Buna baxmayaraq belə bir siyasətə keçid bir sıra zərurətdən doğub: "Mərkəzi Bankın verdiyi bəyanatda da qeyd olunduğu kimi son vaxtlar qlobal iqtisadiyyatda mürəkkəb proseslər başlayıb. Xüsusi olaraq Azərbaycan iqtisadiyyatı üçün də mühüm təsirə malik olan dünya enerji bazarlarında neftin qiyməti sürətlə düşməyə başlyıb. Bu bir yandan dünya enerji daşıyıcıları bazarında təklifin tələbi əhəmiyyətli bir şəkildə üstələməsi, həm inkişaf edən, həm də yüksək iqtisadi çəkiyə malik ölkələrin enerjiyə olan tələbatın nisbətən aşağı enməsidir. Bü gün neft 3 dəfədən də çox ucuzlaşaraq 110 ABŞ dollardan 37 dollara qədər enib". İqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, yeni devalvasiyanın baş verməsi gözlənilən idi. Baş verən devalvasiyada manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyimə məntəqələrində isə daha bahadır: "Ona görə gözlənilən idi ki, açıqlamalarımızda bunun baş verəcəyini, sadəcə zaman məsələsi olduğunu qeyd etmişdik. Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Bir sözlə, müzakirə zaman və forma barədə gedə bilərdi. Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatları qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi. FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi. Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı". Onun sözlərinə görə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı: "Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Odur ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. İnfilyasiyanın da ikirəqəmli olacağı gözləniləndir. Bu hallar nəzərə alınaraq hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlamalıdır. Paralel olaraq hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir". İqtisadçı Natiq Cəfərli qeyd edib ki, birinci devalivasiyadan ötən müddət ərzində qeyri-neft sektorunun dominantlığı artmalı idi. Amma olmadı, nəticə olaraq manatın vəziyyəti getdikcə çətinləşdi. Ölkənin tədiyyə balansında gəlirlər azaldı. Odur ki, birdən-birə manatın 50 faizə qədər devalvasiyaya getməsi ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, bu təsir özünü bir sıra sahələrdə büruzə verə bilər: "İndi məcburi bahalaşma ilə əlaqədar ticarət dövriyyəsində, elektrotexnika bazarında, daşınmaz əmlak bazarında durğunluq yaranacaq. Çünki hər sahədə olduğu kimi, burada da xaricdən çox asılıyıq. Azərbaycanda yaranan miflərə əsasən ərzaq məhsullarının 55 faizdən yuxarısı yerli istehsaldır, məzənnənin heç bir təsiri olmayacaq. Bu kökündən səhv yanaşmadır. Çünki yerli istehsal olan məhsulların xammalı belə xaricdən gətirilir. Yeli istehsal olan çayın 90 faizi idxal edilir, burada qablaşdırılır. Süd məhsullarının istehsalı üçün xammal xaricdən gətirilir, burada qablaşdırılır. Belə halda ciddi tədbirlərin görülməsinə ehtiyac yaranır". Qeyd edək ki, qəbul edilən qərarın qiymətlərə təsiri qaçılmazdır. Artıq ticarət mərkəzləri malların yeni qiymətə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Hətta bir sıra məhsullar müştərilərə yeni qiymətlərlə təklif olunur. Geyim, elektrotexnika, məişət avadanlıqları, informasiya kommunukasiya məhsulları, mobil telefonların qıymətlərində açıq-aşkar artım müşahidə olunur. Bəzi idxal məhsullar ümumiyyətlə satışdan çıxarılıb. Ancaq vətəndaşların dövalvasiyadan əziyyət çəkməməsi məqsədilə hökumətin bir sıra iqtisadi və inzibati tədbirlər həyata keçirməsi vacibdir. Belə ki, ən azından gündəlik tələbat malları olan cörək və çörək məmulatları, ət və ət məhsulları, süd və süd məhsullarının qiymətinə nəzarəti gücləndirməlidir. Ən azından qiymətlərin sünii şəkildə artırılmasının qarşısı ciddi şəkildə alınmalıdır. Bunun üçün isə kifayət qədər iqtisadi və inzibati metodlar mövcuddur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31