Devalvasiya prosesi qaçılmaz idi
Digər ölkələrdə baş verən proseslər belə deməyə əsas verir
22 Dekabr 2015 12:46 İqtisadiyyatDekabrın 21-də Azərbaycan manatının dəyərinin Amerika dollarına nisbətdə 50 faizə yaxın aşağı düşməsi ölkədə şok effekt yaratdı. İl ərzində ikincə dəfə baş verən devalvasiya prosesi qısa müddətdə bir sıra sahələrdə öz mənfi təsirini göstərdi. Hətta manatın ucuzlaşması bir sıra hallarda süni qiymət artımına da yol açdı. Bəs görəsən bu barədə ekspertlər nə düşünür.
Millət vəkili Sahib Alıyev də əmək haqqı ilə dolanan bir vətəndaş kimi manatın dəyərdən düşməsindən narahatçılıq keçirdiyini bildirib: " Manatın dəyərdən düşməsi, yaxşı haldırmı, yox. Mən maaşla dolanan bir vətəndaş olaraq bundan narahatammı? Bəli, narahatam. Təkcə özüm və yaxınlarım üçün deyil, həm də seçicilərim üçün narahatam. Ancaq bilirəm ki, bu qaçılmaz idi. Bizim qonşularımız üzən məzənnə kursuna çoxdan getmişdilər. Valyutası bir ildə 250 faizə qədər dəyər itirən Ukraynanı demirəm. Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da bildirdiyi kimi son illərdə İran rialı 120 faiz , Qazaxıstan təngəsi 108 faiz, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşmüşdü. Neftin bir ilin içində 3 dəfə ucuzlaşması, üstəlik bizim əsas ticarət tərəfdaşlarımızın valyutalarının dəyərdən düşməsi reallığında ya biz bütün strateji ehtiyatlarımızı tükədərək sonra daha pis vəziyyətə düşməli, ya da indi atılan addımı atmalıydıq". Millət vəkilinin sözlərinə görə, bu ərəfədə Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün, müstəqilliyimizin, konstitusiya quruluşumuzun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün özünün ehtiyat fondundan 10 milyon manat ayırması ondan xəbər verir ki, dövlət manatın devalvasiyasından sonra prosesləri başlı-başına buraxmayacaq: "Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi İlk növbədə çalışılacaq ki, bu, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin".
İqtisadçı ekspert Samir Əliyev də manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsindən danışıb. Bildirib ki, digər ölkələrdə də zaman-zaman eyni proses müşahidə olunub: "2015-ci ilin bitməsinə saylı günlər qalıb. İl iqtisadi proseslər baxımından bol olsa da, əsas diqqət mərkəzində milli valyutamızın məzənnəsi oldu. Dekabrın 21-də milli valyutamız növbəti kəskin ucuzlaşmaya (47,6%) məruz qaldı. Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6 faiz ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6 faiz dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələri arasında liderdir". İqtisadçı qeyd edib ki, milli valyutamız yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub: "Növbəti yeri 91,46 faizlə Qazaxıstan və 54, 37 faizlə Belorustutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası
ucuzlaşma həddinə görə 49,15 faizlə drdüncü yerdə olub. Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04 faiz, və Qırğızıstanda (28,82 faiz ucuzlaşma təxminən eyni səviyyədə olub.. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40 faiz təşkil edib. Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7 faiz itirib. Moldova leyi isə 25,44 faiz ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81 və 14,68 faiz təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95 faiz ucuzlaşıb".
Füzuli