Üzən məzənnədən xofa düşməyə dəyməz
Bu iqtisadi mexanizm beynəlxalq praktikada özünü doğruldur
21 Dekabr 2015 16:46 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı İdarə Heyətinin dekabrın 21-də ölkənin üzən məzənnə rejiminə keçməsi barədə qəbul edib. Qərara əsasən manat dollara nisbətən təqribən 55 faiz ucuzlaşıb ki, bu da ikinci devalvasiya prosesi kimi qiymətləndirilir. Məhz MBA-nın bi qərarı cəmiyyətdə ciddi ajiotaj yaradıb. Ancaq cari ilin əvvəllindən ölkə iqtisadiyyatında baş verən proseslər deməyə əsas verir ki, bu kimi qərarlardan xofa düşməyə ehtiyac yoxdur. Xatırladaq ki, hələ 2015-ci il fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. O vaxt da bir sıra ekspertlər "Azərbaycan iqtisadiyyatının çökəcəyi" proqnozunu irəlü sürmüşdülər. Lakin göründüyü kimi hökumətin həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində elə də fantastik dərəcədə bahalaşmanı şahidi olmadıq. Əksinə, bir sıra yerli və idxal məhsulların qiymətində ucuzlaşma baş verdi. Onu da qeyd edək ki, mərkəzi banklar tərəfindən belə qərarlar təsadüfi şəkildə qəbul edilmir. Banklar hökumətlə razılaşdırılmış şəkildə qərarlarını verirlər ki, ölkə iqtisadiyyatında tənəzzül baş verməsin. Üstəlik devalvasiyanın göstərə biləcəyi təsirlərin minimuma endirilməsi məqsədilə hökumət tərəfindən görüləcək tədbirlər də razılaşdırılır. Qətiyyətlə demək olar ki, Azərbaycan Mərkəzi Bankının belə bir qərar qəbul etməsinə xarici faktorlar kifayət qədər təsir edib. Məlumdur ki, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Məhz bu kimi amillər sözügedən qərarın qəbulunu labüd edib. Mərkəzi Bankın məlum qərarla bağlı yaydığı bəyənatda deyilir: "Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub. Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib". Qeyd edək ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalması bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir edib, milli valyutaları dəyərdən salıb. Lakin bunun müqabilində Azərbaycan iqtisadiyyatı hələ də inkişaf mərhələsini yaşayır. Ölkə iqtisadiyyatının tənəzzülə uğramasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdı. Məhz uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Məlumdur ki, sözügedən qərarın ölkə iqtisadiyyatına, vətəndaşlara və bank sektoruna mənfi təsiri gözləniləndir. Məhz bu səbədən də hökumət bu qərarın baş verə biləcək məngi fəsadlarının aradan qaldırılması məqsədilə müəyən tədbirlər həyata keçirəcək. Elə AMB-ın məlumatında da qeyd edilir ki, bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir: "Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir". İqtisadçı ekspertlər də məlum qərarı hazırki şərait üçüm məqbul hesab edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, üzən valyuta siyasəti mövcud bazarın məzənnəni müəyyənləşdirməsi deməkdir: "üzən valyuta rejimi indiki vaxtda optimal və faydalı variant sayıla bilər. Üzən valyuta siyasətində valyutanın məzənnəsinin müəyyənləşdirməsini bazar həyata keçirir. Lakin artıq bazarda məzənnələrdə kəskin fərq yaranırsa, Mərkəzi Bank bazara müdaxilə edərək milli valyutanın kursunun stabil saxlanılmasına çalışır. Artıq üzən valyuta rejiminə keçiddə təbii ki, Mərkəzi Bank doğru zamanda, doğru qərar verməlidir. Çünki rejimə keçidin milli valyutaya təsirini qiymətləndirən zaman bu prosesin tətbiqedilmə zamanını düzgün müəyyən etmək gərəkdir: "Üzən valyuta rejiminə keçidə faciə kimi baxmaq doğru deyil, bəli bunun məzənnəyə təsir etmək imkanları var. Amma o qədər də çox itki demək deyil. Bu gün dünya ölkələrinin 90 faizindən çoxunda üzən valyuta rejimi tətbiq olunur. Azərbaycan sözsüz ki, bu rejimə keçməlidir". Onu da qeyd edək ki, ölkəmizi əhatə edən bir sıra qonşu ölkələrdə üzən məzənnə rejimi tətbiq olunmaqdadır. Bu isə o deməkdir ki, beynəlxalq praktikada üzən məzənnə rejimi özünü doğrultmiş iqtisadi tədbir kimi qəbul olunur.
Alim