Dolların bahalaşması qiymətlərə təsirsiz ötüşməyəcək
21 Dekabr 2015 14:56 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Artıq dolların rəsmi məzənnəsi 1,5500 manata çatıb. İqtisadi Təşəbbüslərə yardın İctimai Birliyinin rəhbəri, iqtisadçı ekspert Azər Mehdiyevin sözlərinə görə, dolların qalxması bütün sahələrdə qiymətin qalxmasına səbəb olacaq. Bu bahalaşma isə daha çox idxal edilən mallarda hiss ediləcək: "Əslində, bu gözlənilən idi, çünki neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda, eyni zamanda, qonşu ölkələrdə valyutaların devalvasiyaya uğraması, Azərbaycan manatının da üzən məzənnə siyasətinə keçməsini zəruri edirdi. Bu o deməkdir ki, dolların məzənnəsi tədricən qalxmaqda davam edəcək. Ölkədə istehlak olunan malların əksəriyyətinin ya idxal olunduğunu, ya da ölkədə istehsal olunan məhsulların komponentləri xarici ölkədən gətirilirdiyini nəzərə alsaq satılan məhsulların qiymətində artım müşahidə olunacağını demək olar. Fevral ayında olan devalvasiyada da qiymət artımı var idi, amma hökümət "süni artım" adı altında bunun qarşısını aldı. Amma bundan sonra necə olacağı bəlli deyil". Ekspert onu da bildirib ki, hökümət əgər ciddi qiymət artımının olmamasını istəyirsə, mütləq şəkildə ölkəyə mal gətirilməsində olan maneələri və inhisarçılığı aradan qaldırmalıdır. Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bütün dünya hal-hazırda üzən məzənnə siyasətindədir. Bu da neftin kifayət qədər ucuzlaşması, 36 dollar qiymətində olması ilə bağlıdır: "Devalvasiya fevralda da olub, amma bu devalvasiya ilə o devalvasiya arasında fərq ondan ibarətdir ki, o zaman insanların əmanətlərinin 80% manatla, 20% dollarla idisə, bu dəfə əksinədir. Odur ki, o qədər də təşviş olmayacaq. Bundan sonra təbii ki, bəzi sahələrdə artım olacaq, amma bunun üçün hökümət var, dövlət var, nəzarət mütləq olacaq".