Bahalaşma qaçılmaz olacaq

Ticarət mərkəzləri çıxılmaz vəziyyətə düşüb

İstəsək də, istəməsək də gözlənilən yeni devalvasiya baş verdi. Nəticədə manatın bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyəri 47,6 faiz aşağı düşdü. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Məlumat üçün xatırladaq ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Mərkəzi Bankın yaydığı bəyanata görə, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək. Qısa müddət ərzində ölkədə iki dəfə devalvasiyanın baş verməsi heç şübhəsiz ki, bütün sahələrə təsirsiz ötüçməyəcək. Artıq ilkin məlumata görə, 21 dekabr devalvasiyası əksər ərzaq məhsullarının bahalaşması ilə nəticələnib. Məlumata görə, devalvasiya ölkənin elektrotexnika sektoruna və satışına da ciddi mənfi təsir göstərib. Elektrotexnika satışı ilə məşğul olan iri marketlər, xüsusilə də, şəbəkə dükanları hər növ elektrotexnika üzrə satışı bu gün səhər saatlarından dayandırıblar. Səbəb kimi də dolların yenidən sürətlə bahalaşması, "üzən məzənnəyə" keçilməsi olub. Sözügedən şəbəkə dükanlarının "qaynar xətt"ləri də bu faktı təsdiqləyiblər. Onlar "artıq satış dayandırılıb, satış yoxdur" - deyə, sorğuları cavablandırıblar. Digər bir məlumara görə, kəskin devalvasiya ilə əlaqədar Azərbaycanda bütün ödəmə sistemləri dayandırılıb. Banklarda müştərilər kreditlərini ödəyə bilmirlər. Şirkətlər dollarla bağlı qərarın bazarda tətbiqini gözləyirlər. Bəzi valyuta dəyişmə məntəqələrində də dollar satışı dayandırılıb. Bu arada yayılan məlumata əsasən, paytaxt Bakıda bir sıra ticarət müəssisələrində xarici ölkələrdən Azərbaycana gətirilən məhsulların satışına fasilə verilib. Həmçinin Mərkəzi Bankın qərarı ilə manatın məzənnəsinin kəskin dəyişməsindən sonra artıq dərman depoları apteklərə dərmanların verilməsini dayandırıblar. Bir sıra mağazalar və supermarketlər də ölkəyə xaricdən gətirilən məhsulların satışını müvəqqəti saxlayıb. Satışın qiymətlər yeni məzənnəyə uyğunlaşdırılandan sonra yenidən bərpa ediləcəyi bildirilir.

Bu arada daşınmaz əmlak bazarı üzrə ekspert Rövşən Əliyev manatın növbəti devalvasiyasının daşınmaz əmlak bazarına təsirləri barədə proqnoz verib. O, deyib ki, devalvasiya bu gün olduğundan proqnoz vermək hələ tezdir: "Amma hadisələrin gedişi bu ilin fevral ayından sonrakı prosesin təkrar olunacağını istisna etmir. Birincisi, artıq baş vermiş əməliyyatlar üzrə problemlərin ortaya çıxması ən aktual məsələdir. Qabaqcadan razılaşdırılmış və "behləşmə" edilən alqı-satqı əməliyyatlarının əksəriyyəti təxirə salınacaq. Satışa çıxarılan əmlaklara gəldikdə, satıcılar əksəriyyətinin qiymətlərinə yenidən baxacaqlar, bəziləri isə satışı dayandıracaq". Rövşən Əliyev bildirib ki, növbəti ilin ilk ayının ortalarına qədər qiymətlər oynayacaq: "Yanvarın ortasına kimi bazardakı qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz. Bazar yeni tarazlıq səviyyələri axtarışında olacaq. Bu müddət ərzində isə qeyri-müəyyənlik olacaq. Kirayə bazarında hələ ki dəyişiklik olmayacaq. Çünki bu bazar sırf əhalinin gəlirləri ilə bağlıdır. Dəyişiklik olacaqsa belə, bir qədər yüngül formada reallaşacaq". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib ki, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi: "Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək". Deputat "Manat hansı həddə qədər ucuzlaşa bilər" sualına "bunu heç kim söyləyə bilməz" cavabını verib: "Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər". Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31