Sığorta şirkətləri vergidən yayınırlar?

Ziyad Səmədzadə: “...bu növ yığımlar lazımi səviyyədə deyil”

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta - bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətəndaşların şəxsi həyatları ilə əlaqədar olan hadisələr zamanı onlara maliyyə yardımlarının edilməsi ilə yaradılan məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir. Bütün dünyada geniş yayılmış sığorta fəaliyyəti Azərbaycanda da mövcuddur. Azərbaycanda sığorta işinin təşkilinə XIX əsrin ortalarında başlanıb. Аzərbаycаndа sığorta işi kаpitаlist istеhsаl münаsibətlərinin inkişаfı, nеft sənаyеsinin mеydаnа gəlməsi və sаhibkаrlığın fəallaşması ilə sıх əlаqədаrdır. Lakin o dövrdə Azərbaycanda xarici ölkələrdən olan şirkətlərin filialları fəaliyyət göstərirdilərsə, indi ölkəmizdə kifayət qədər kapitala malik onlarla sığorta şirkəti fəaliyyət göstərməkdədir. Lakin bütün ciddi səylərə baxmayaraq Azərbaycanda milli sığorta bazarının inkişafı istənilən səviyyədə deyil. Buna səbəb kimi sığorta şirkətlərinin üzərinə götürdükləri öhdəliklərin lazımi səviyyədə icra edilməmələri və elə bu səbəbdən də onlara qarşı yaranan etimadsızlıq göstərilir. Başqa sözlə, hazırda fəaliyyətdə olan əksər sığorta şirkətləri öz müştərilərinə qanunvericilikdə nəzərdə tutulan kompensasiyanı ödəmədiklərindən onlar qarşısında etibarlarını itiriblər.

Sığorta şirkətləri 40-dan çox icbari və könüllü sığorta növlərini təklif edirlər. Yəni, istənilən vətəndaş həyatından, sağlamlığından tutmuş bütün növ əmlakı və fəaliyət sahəsinı sığorta edə bilər. Heç şübhəsiz ki, bu zaman xeyli miqdarda sığorta haqqı ödənməlidir. Bu isə nəticə etibarı ilə milyonlarla manat vəsait deməkdir. Maraqlıdır, belə halda sığorta şirkətləri niyə müştərilərinə kompensasiya ödəməkdə maraqlı deyillər? Ümumiyyətlə sığorta şirkətlərinin özləri dövlət büdcəsinə vergi ödəyirlərmi? İnkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif sığorta xidməti göstərildiyi halda, Azərbaycanda sığorta növlərinin artırılması niyə mümkün olmur?
Ekspertlərin qənaətinə görə, ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq var. Azərbaycanın sığorta sektoru nəinki Rusiya, Türkiyə, hətta Gürcüstanla müqayisədə zəif inkişaf edib. Araşdırmalar göstərib ki, inkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 15-20 faiz arasında dəyişdiyi halda, Azərbaycanda bu göstərici 0,4 faiz, adambaşına düşən sığorta haqları cəmi 18-19 manatdır. Son bir neçə ildə ölkənin sığorta bazarında cəmi 3 faiz artım baş verib. Rəqəmlərin təhlili Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fərqli tendensiyaların müşahidə olunduğunu göstərir. Belə ki, dünyada həyat sığortasının bütün növləri yığım xarakteri daşıdığı, o cümlədən vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etdiyi halda, Azərbaycanda əksinə, bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalıb. Tədqiqat dövründə icbari sığorta növləri üzrə sığorta haqları və ödənişlərinin digər sığorta növləri ilə müqayisəsi aparılıb və bu sığorta növü üzrə də daxilolmalar qənaətbəxş qiymətləndirilməyib. İcbari sığortanın tətbiqi ilə bağlı açıq məqamların olduğu qeyd edilib. Bazarın araşdırılması zamanı o da məlum olub ki, sığorta şirkətlərinin çoxu kapital baxımından banklardan asılıdır. Həmin şirkətlər öz büdcələrini bankların hesabına tənzimləyirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycanda sığorta bazarının inkişafı üçün kifayət qədər normal şərait yaradılıb, qanunvericilik bazası təkmilləşdirilib. Üstəlik istər icbari, istərsə də könüllü sığorta haqlarının ödənişi də ildən ilə artmaqdadır.
Millət vəkili, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda sığorta bazarının inkişafı və formalaşması üçün əlverişli şərait yaradılıb. Lakin buna baxmayaraq, Azərbaycanda sığorta bazarı hələ də ölkənin maliyyə bazarının digər seqmentlərindən geri qalır. Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarı maliyyə bazarında, vergi və maliyyə sistemində aparılan islahatlardan keyfiyyət və həcmcə geri qalır. O, bildirib ki, son illərdə Azərbaycanda sığorta bazarının inkişafının təmin olunması üçün bir sıra ciddi tədbirlər görülüb. Onların arasında "Sığorta fəaliyyəti haqqında" qanunun qəbul edilməsi də var. Bu qanun sığorta bazarının inkişafı üçün beynəlxalq standartlara, bir sıra normativ-hüquqi aktlara uyğun gəlir: "Azərbaycanın sığorta bazarının bugünkü səviyyəsi həm hökuməti, həm də dövlət başçısını qane etmir. Çünki adambaşına mükafatların payı 20 dolları ötmür ki, bu da MDB ölkələri arasında aşağı göstəricidir". Azərbaycanın sığorta bazarının inkişafı imkanlarına toxunan Z. Səmədzadə qeyd edib ki, ölkədə iqtisadiyyat dinamik inkişaf edir və şaxələnir, əhalinin əmlakı artır, ölkənin maddi-texniki potensialı möhkəmlənir və bütün bunlar sığorta bazarının inkişafı üçün əlverişli şərait yaradır: "Dünyanın bir sıra inkişaf etmiş ölkələrində sığorta şirkətləri Azərbaycanda bir sıra ciddi investisiya qoyuluşları ilə məşğul olmalarına baxmayaraq, bu proses hələ öz inkişafını tapmayıb. Məqsədimiz sığorta bazarının dinamik inkişafı, sığortanın icbari növlərinin inkişafı üçün şərait yaradılması, sığorta mükafatları disbalansının aradan qaldırılmasıdır. Dünyanın bir çox ölkələrində həyat sığortası bazarın ümumi portfelində önəmli yer tutur, lakin Azərbaycanda sığortanın bu növü üzrə yığımlar lazımi səviyyədə deyil". Ekspertlər hesab edirlər ki, ölkədə vergidən yayınmanın ən geniş yayıldığı sahə sığorta fəaliyyəti sahəsidir. Baxmayaraq ki, sığorta şirkətləri kifayət qədər gəlir əldə edirlər, ancaq bununla belə müxtəlig bəhanələrlə vergi ödəməkdən yayınırlar. Bu azmış kimi müştərilərinə də lazımi kompensasiya ödəməkdə maraqlı görünmürlər. Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti fəaliyyət göstərir. Bu təşkilatın vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi, sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ hüquqi sənədlərin hazırlanması və sairdən ibarətdir. Ona görə də Vergilər Nazirliyi və Hesablama Palatası mülkiyyət növündən asılı olmayaraq bu fəaliyyət sahəsini daha intensiv qaydada təftiş etməklə ciddi nəzarətdə saxlamalıdırlar.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31