Millət vəkili təklif edir
Bank sistemindəki vəziyyətlə əlaqədar xüsusi iclas keçirilsin
11 Dekabr 2015 16:32 İqtisadiyyat"Azərbaycanın bank sistemində olan problemlər məni bir iqtisadçı kimi narahat edir. Normal iqtisadi siyasət aparmağın əsas prinsiplərindən biri bank sisteminin yüksək səviyyədə işləməsi ilə birbaşa bağlıdır". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, istər bank faizlərinin yüksək olması, istərsə də digər problemlər, xüsusilə də, fevral devalvasiyasından sonra bankların özlərində yaranmış problemlər məcbur edir ki, bu sistemlə ciddi məşğul olunsun: "Birinci təklifim ondan ibarətdir ki, ümumiyyətlə, biz yaxın zamanda bank sistemindəki vəziyyətlə əlaqədar xüsusi iclas keçirək. Mümkündürsə, bu məsələni plenar iclasda, yaxud komitənin iclasında müzakirəyə çıxaraq. Mən bankları günahlandırmıram, devalvasiyadan sonra onların özlərində də çox ciddi problemlər yaranıb. Bu problemləri həll etmək üçün hökumət bu işə qarışmalıdır". Millət vəkili bildirib ki, bank sistemi ilə əlaqədar öz təklifləri var: "Müzakirə zamanı onları səsləndirəcəyəm. Biz öz köməkliyimizi göstərməliyik. Bankları da dinləmək lazımdır".