Fiziki şəxslərin əmək haqlarına tətbiq edilən güzəştlər 500 min insana şamil ediləcək
11 Dekabr 2015 12:46 İqtisadiyyatVergi Məcəlləsinə fiziki şəxslərin əmək haqlarına güzəştlərlə bağlı edilən dəyişiklikdən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək. Bu barədə məlumat verən vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi: "Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcəkdir. Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək".