Sosial sığorta haqlarının daxil olması proqnozu 100,4% icra olunub
12 Oktyabr 2012 17:15 İqtisadiyyat2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1833,9 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 308,9 mln. manat və ya 20,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 131,8 mln. manat artaraq 1000,4 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizi və ya 612,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 9 ayının göstəricisinə nisbətən 18,7 faiz və ya 96,6 mln. manat artıb, proqnoz isə 109,9 faiz icra olunub..
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4% icra olunub. 2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 35,2 mln. manat artıb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1809,6 mln. manat olmuşdur.