BVF-dən Çinə yaşıl işıq

Samir Əliyev: “Çin yuanının səbətə daxil edilməsi daha çox avroya zərbə vurub”

Son aylarda dünyada yaşanan iqtisadi və maliyyə böhranı hətta dünyanın ən güclü inkişaf etmiş ölkələrinə belə təsirsiz ötüşmür. Xüsusilə dünya maliyyə bazarında tez-tez baş verən dəyişikliklər bu və ya digər ölkələrin iqtisadiyyatına öz təsirini göstərir. Bir müddət əvvəl Amerika dolları və avroya nisbətədə rus rublunun nəzərə çarpacaq dərəcədə aşağı düşməsi Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyi kimi indi də avronun Çin yuanına nisbətən ucuzlaşması prosesi müşahidə edilir. Buna səbəb olan əsas amillərdən biri kimi isə Beynəlxalq Valyuta Fondunun ötən gün atmış olduğu addım göstərilir. Belə ki,
Beynəlxalq Valyuta Fondu Çin valyutası olan yuanı özünün SDR (xüsusi borclanma hüququ) səbətinə daxil edib. 2016-cı il oktyabr ayının 1-dən etibarən yuan səbətə daxil olan 5 valyutadan biri olacaq. Hazırda səbət ABŞ dolları, avro, funt sterlinq və yen olmaqla 4 valyutadan ibarətdir. Çin valyutası səbətdə 3-cü ən böyük paya (10,92%) malik olacaq. Digər valyutaların payı isə belədir: ABŞ dolları - 41,73%, avro - 30,93%, yen - 8,33, funt sterlinq - 8,09%. İqtisadçı ekspert Samir Əliyev bildirib ki, Çin yuanının səbətə daxil edilməsi daha çox avroya zərbə vurub. Onun sözlərinə görə, Avropa valyutasının payı 7% bənd azaldılıb: "Digər valyutaların da payında azalma olub. BVF rəhbəri bu qərarı Çin iqtisadiyyatının son illər dünya maliyyə sisteminə inteqrasiya ilə əlaqələndirib. Çin hökuməti də bunun üçün çox çalışdı. Məsələn, xarici mərkəzi banklar üçün daxili valyuta və borc bazarını açdı. Bütün üstünlükərə rəğmən yuan hələki ehtiyat valyuta, borc bazarında borclanma vasitəsi qismində Avstraliya və Kanada dollarına uduzur. Dünya valyuta ehtiyatlarında payı 1,1%, beynəlxalq ödənişlərdə 2,8%-dir.
Bəzi analitiklər Çin aktivlərinə xarici investisiyaların artacağını proqnozlaşdırır. Digərləri hökuməti maliyyə sistemini ciddi islahata ehtiyacı olduğunu vurğulayır və bunsuz fayda görmürlər. Yuan səbətdə fiksə olunmuş məzənnəyə malik yeganə valyuta olacaq. Yuan həm də sərbəst dönərli valyuta deyil. Hökumət 2020-ci ildən tez məzənnəni sərbəstləşdirmək niyyətində deyil". Ekspert hesab edir ki, yuanın BVF-nin səbətinə daxil edilməsi Çinə üstünlüklər verməklə yanaşı müəyyən çətinliklər yaradacaq: "Əvvəla, Çin valyutasının dünyada prestiji daha da artacaq. İkincisi, ölkəyə kapital axını stimullaşacaq. Müxtəlif hesablamalara görə 2020-ci ilə kimi kapital axını 600 milyard dollar həcmində ola bilər. Üçüncüsü, yuana inam daxili borclanma imkanlarını artıracaq. Ancaq bununla yanaşı Çin hökuməti üzərinə böyük məsuliyyət düşür. Maliyyə sektorunda liberallaşdırma aparılmalıdır və bazar xarici investorların üzünə açılmalıdır. Bundan başqa kapital axını üzrəində nəzarəti azaltmalı, valyuta intervensiyasını məhdudaşdırmalı, yuanın məzənnəsi bazar alətləri vasitəsilə tənzimlənməlidir. Əks halda yuanın ehtiyat valyuta statusu ciddi nəticlər verməyəcək. Digər tərəfdən yuana tələbatın artması onun möhkəmlənməsinə gətirib çıxara bilər ki, bu da Çin hökumətinin planlarına daxil deyil".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31