SOCAR prezidenti Iranda səfərdə olub
30 Noyabr 2015 14:02 İqtisadiyyatSOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri İranda səfərdə olub, bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak ediblər. "OLAYLAR"-ın xəbərinə görə, SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində İranın neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. İranın neft naziri ölkəsinin qonşu ölkələrlə və xüsusən, Azərbaycanla əlaqələrinin genişləndirilməsinin ümdə əhəmiyyət daşıdığını vurğulayıb. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, "Şahdəniz" layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlər zamanı İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilmiş, müzakirələr aparılıb. SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın "Petronas" şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə "Petronas" şirkətinin iştirakçı olduğu "Şahdəniz" layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.