“Neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsi...”
Fikrət Yusifov: “Azərbaycan hökumətini sosial yönümlü məsələlərdən yayındırmır”
24 Noyabr 2015 12:52 İqtisadiyyatSon aylar ərzində dünya bazarlarında neftin qiymətinin nəzərəçarpacaq dərəcədə aşaöı düşməsi bütün ölkələr kimi Azərbaycana da təsirsiz ötüşməyib. Ancaq onu da etiraf etmək lazımdır ki, bu təsir digər ölkələrdən fərqli olaraq Azərbaycanda minimum səviyyədə özünü göstərib. Bu ərəfədə bir çoxları iddia edirlər ki, mümkün təsirlər Azərbaycan hökumətini bir sıra məcburi addımlar atmağa vadar edəcək. İddialardan biri ondan ibarətdir ki, Azərbaycan hökuməti məcburiyyət qarşısında qalaraq bir sıra sosialyönümlü layihələrin icrasını arxa plana atacaq. İqtisadçı ekspertlər isə tamamilə bunun əksini söyləyir.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsi səbəbindən gəlirlərimizin azalması faktı Azərbaycan hökumətini sosial yönümlü məsələlərdən yayındırmır. Onun sözlərinə görə, bu da Prezident İlham Əliyevin daxili siyasətindəki əsas istiqamətin, onun özünün də bəyan etdiyi kimi, heç vaxt dəyişməyəcəyini göstərən əsas amillərdən biridir. Fikrət Yusifov deyib ki, son bir ildə hökumət sosial məsələlərin həlli istiqamətində bir sıra ciddi addımlar atıb. Bu sırada əmək qabiliyyətli insanlara müvəqqəti işsizliyə görə müavinətlərin verilməsi və bu sahə üzrə daha təkmil mexanizmlərin işlənib hazırlanmasına xüsusi önəm verilir. Dünyanın ayrı ayrı ölkələrinin təcrübəsində bu məsələnin müxtəlif həll yollarına rast gəlmək olar: "Dünyanın əksər ölkələrində iş yerlərini müvəqqəti itirmiş insanlara xüsusi fondlar vasitəsilə müavinətlər verilir. Araşdırmalar göstərir ki, işsizliyə görə müavinətlərin verilməsinin daha mütərəqqi üsulları Avropa ölkələrində formalaşıb. Avropa ölkələrində bu müavinətləri almaq üçün müvafiq sənədləşmə işləri bir o qədər asan olmasa da, onların həcmi digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Bu sahədə ən yaxşı təcrübə Almaniya və Fransaya məxsusdur. Bu ölkələrdə müavinətlərin verilməsi prinsipləri elə müəyyən edilir ki, işsizlər daimi olaraq müavinət almaqla yaşamaq yolunu, yəni ələbaxımlıq yolunu seçə bilməsinlər. Başqa sözlə, sistem özü işsiz insanı vakant yerlər axtarmağa, məşğulluq xidmətləri tərəfindən təklif edilən iş variantlarını seçməyə, öz ixtisasını dəyişməyə və başqa regionda iş axtarmağa sövq edir. Məsələn, iş yerini itirmiş və işsiz kimi qeydiyyata alınmış insanlara ilk aylar ödənilən müavinətlərin məbləği getdikcə azaldılır və təbii ki, onlar da müddətin uzanmasına maraq göstərmirlər. İngiltərə təcrübəsində isə qaydalar mahiyyət etibarı ilə daha sərtdir. Burada işsiz adam 13 həftədən sonra ona təklif edilən işi qəbul etməyə borcludur". Ekspertin sözlərinə görə, Avropa
ölkələrində işsizlərə müavinətlərin verilməsi əsasən iki mənbə hesabına təmin olunur - dövlət büdcəsi vəsaitləri, eləcə də işçilərin və işəgötürənlərin ödədiyi işsizlikdən məcburi sığortalanmaya görə üzvülük haqlarından: "Hər bir ölkədə işsizliyə görə ödənilən müavinətlərin səviyyəsi bir qayda olaraq müvafiq fondların maliyyə imkanlarından asılı olur. Azərbaycanda bu məsələlərin həlli Dövlət Məşğulluq Xidməti vasitəsilə həyata keçirilir. İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlər dövlət büdcəsinin vəsaitləri və məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. Fikrimizcə Dövlət Məşğulluq Fondunun vəsaitlərinin formalaşmasının yeni modelinə keçməyin vaxtı artıq çatıb. Ölkədə orta aylıq əmək haqqının 500 manata yaxınlaşdığı yoxsulluğun həddinin 5 faizə endiyi bir şəraitdə işsizlikdən icbari sığortanın tətbiq olunması Dövlət Məşğulluq Fondunun vəsaitlərinin əsaslı şəkildə artırılmasına təminat vermiş olardı. Bu isə öz növbəsində Fonda işsizliyə görə verilən müavinətlərin məbləğini kifayət qədər artırmağa imkan verərdi. Müşahidələrimiz göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son iki ilə yaxın vaxt ərzində islahat xarakterli bir çox mühüm addımlar atıb. Hətta belə məlumatlar da var ki, nazirlik işsizlikdən icbari sığortalanmanın hüquqi bazasının yaradılması istiqamətində də hazırlıq işləri aparır. Hesab edirik ki, bu kimi fəaliyyət nümunələri sosial yönümlü məsələlərin həllinə çox ciddi töhvə verər". Fikrət Yusifovun sözlərinə görə, işsizlik elə bir problemdir ki, o, dünyanın bütün səviyyədən olan ölkələrində olub, var və bundan sonra da olacaq. İşsizliyin sadəcə səviyyəsi fərqli ola bilər. Bizdə işsizliyin səviyyəsi normal həddədir və dövlət daim maraq göstərir ki, bu problem daha aşağı göstəricələrlə əhatələnsin. Aydındır ki, işsiz kateqoriyasına aid insanlar dövlət qayğısına həmişə ehtiyac duyacaqlar. Onların ehtiyacının lazımı səviyyədə ödənilməsi bundan sonra da vacib məsələlərdən biri olaraq qalacaq. Bu baxımdan, işsizlikdən icbari sığortanın dövrün reallığına çevrilməsi sözügedən məsələnin tənzimləməsində çox əhəmiyyətli rol oynaya bilər".
Süleyman