Dövlət Sosial Müdafiə Fondu 20 yaşını qeyd edib

Oktyabrın 10-da  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, Fondun 20 illik inkişaf tarixi əsasən dörd mərhələni əhatə edir. Bunlar 1992-1995-cı illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrdür. Diqqətə çatdırıb ki, ölkəmizdə sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi nəticəsində 2006-cı ildən müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilmişdir. Azərbaycanın sığorta-pensiya sistemində üçpilləli pensiya təminatı müəyyənləşdirilmiş, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin yeni qaydalarla verilməsinə keçilmiş, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmışdır. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinə və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir. Vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun  maddi-texniki bazası tamamilə yenidən qurulmuş, fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır. S.Müslümov vurğulayıb ki, aparılan islahatlar əmək pensiyalarının sürətli artımını təmin etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31