Bakı - Tiblisi dəmir yolu reysinə yeni qatar buraxılacaq
10 Oktyabr 2012 16:36 İqtisadiyyat"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı təmir edilərək Bakıya gətirilmiş yeni sərnişin vaqonlarından tərtib olunmuş 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı bu gün xəttə buraxılacaq. QSC-dən "Azadinform"a verilən məlumata görə, yeni vaqonlardan tərtib olunmuş iki qatar hər gün hərəkətdə olacaq.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 50 ədəd sərnişin vaqonu istismar müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib. 15 vaqon artıq təmir edilərək paytaxta gətirilib və 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı məhz həmin vaqonlardan tərtib olunub.
"Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı bərpa-təmirindən keçmiş sərnişin vaqonlarının istismar müddəti 32 il uzadılıb. Vaqonlar hərəkətin təhlükəsizliyinin təmin olunması tələblərinə, eləcə də yanğından mühafizəyə qarşı tələblərə tam cavab verir.
Vaqonlarda havanı kondensasiya edən monobloklu avadanlıq quraşdırılıb. Bu avadanlıqlar vaqonların qışda isti, yayda sərin olmasını təmin edir. Monobloklu avadanlıqlarda Avropa standartlarına uyğun olaraq ekoloji cəhətdən təmiz R-134A xladogentindən istifadə olunur və elektrik enerjisinə qənaət edir.
Əsaslı bərpa-təmiri keçmiş bütün vaqonlarda 32 kVt-saat gücündə generator quraşdırılmaqla işıq sistemi gücləndirilib.
Vaqonların dəhlizlərində eyni zamanda nəzarət kameraları quraşdırılıb.
SV tipli vaqonların hər kupesində televizor quraşdırılıb. Hər kupe "bələdçiləri çağırma" düyməsi ilə təchiz olunub.
Vaqon bələdçilərinin xidməti kupesində məişət soyuducusu, elektrik soba və pikrodalğalı soba quraşdırılıb. Sərnişinlərə məlumat vermək üçün elektron qaçan tablo-informasiya sətirlərindən (displey) istifadə olunur.
Vaqonların hərəkətedici, zərbə-dartıcı hissələri və əyləc qovşaqları yüksək davamlılığa malik metallarla təchiz olunub və bununla da təmir müddətlərini keçmə vaxtları 1,5 dəfə uzadılıb.
Vaqonların tavanı, divarları, arakəsmələr müasir üslubda şüşəli plastikdən hazırlanıb.