Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$



Onun dediyindən belə çıxır ki, bankların köçürməyə görə yüksək faiz tələb etməsinə görə əmək miqrantları gizli fəaliyyət göstərən qruplaşmalara müraciət edirlər: "Bu adamlar məsələni telefonla həll edirlər, pul bir-iki dəqiqənin içində Azərbaycandakı adama çatır. Yəni Moskvada pulu alan qeyri-rəsmi bankirin adamı Bakıda eyni dəqiqədə pulu müştərinin adamına çatdırır. Təbii ki, üzərində 1-2% götürür". 

ANS PRESS-in moskvalı müsahibinin dediyinə görə, Azərbaycanın müxtəlif bölgələri üzrə bu cür etibar qazanmış köçürmə qrupları fəaliyyət göstərir: "Belə daha rahat olur. Adamlar banka getmədən, işdən ayrılmadan məsələni elə həll edirlər". 


Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri


Pul köçürmələrinin azalmasının əsas səbəbi isə Azərbaycanın əmək miqrantlarının əsasən üz tutduğu Rusiyada vəziyyətin ağırlaşması ilə bağlıdır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, Rusiyadan gələn vəsaitlərin azalması Azərbaycanın, demək olar ki, bütün regionlarında özünü göstərir. 

"Rayonlarda bir çox ailələr Rusiyadan gələn köçürmələr hesabına dolanır. İndi gələn pul azaldığından camaatın istehlak səviyyəsi də aşağı düşüb. Bu, ticarətdən tutmuş əmlak bazarına qədər bütün sahələrə təsir edir. Rusiyadan gələn pulların azalması üzündən banklar hətta əhaliyə kredit vermək istəmirlər",- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.

Manatın devalvasiyası üzündən bazarda baş verən bahalaşma əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycanda ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 19,3% artıb. 

Azər Mehdiyevin fikrincə, dövlət bu problemi həl etmək üçün əyalətlərdə yeni iş yerlərinin yaradılmasının qeydinə qalmalıdır: "Bunun üçün rayonlarda kiçik və orta biznesə müdaxilələrin qarşısı alınmalı, biznesdə azad rəqabət mühiti yaradılmalıdır. İcra hakimiyyətləri biznes təşəbbüslərinə dəstək verməlidir". 

Azərbaycan ailələrinin istehlak xərclərinin əvvəlki ilə nisbətən dəyişməsi (%-lə)



Hökumət pul köçürmələrində də faizlərin aşağı salınmasına nail olmalıdır. Azərbaycan vətəndaşının qeyri-rəsmi fəaliyyət göstərən pul köçürmə qruplaşmalarına müraciət etməsinin həm müştərilər üçün, həm də dövlət üçün arzuolunmaz tərəfləri var. Birincisi, rəsmi dövriyyədən kənarada qalan vəsaitlər vergi nəzarətindən də kənar olur, nəticədə dövlət büdcəsi xeyli vəsait itirir. Həm də sadə vətəndaşlar pulu heç bir sənəd imzalmadan cinayətkar qruplaşmalara etibar edirlər. Bu isə yeni cinayətlərə səbəb ola bilər. 

Əmək miqrantları 2-3%-lə xidmət göstərən beynəlxalq pulköçürmə xidmətlərinə də müraciət edə bilər. Amma onların xidmətindən yalnız iri şəhərlərdə istifadə etmək mümkündür. Əhali əsasən ölkə üzrə geniş şəbəkəyə malik banklara etibar edir. Buna görə də hökumət bu cür banklarda köçürmə faizlərinin azaldılmasının da qayğısına qalmalıdır.