Azərbaycan hökuməti iqtisadi islahatlar kursunu daha da intensivləsdirib
Fikrət Yusifov: “Bu addımlar iqtisadiyyatın şaxələndirilməsinə çox böyük təkan verir”
2 Noyabr 2015 11:28 İqtisadiyyatBəzi beynəlxalq təzyiqlər, Avropa və Qərbdəki müəyyən antiAzərbaycan şəbəkənin ölkəmiz əleyhinə apardığı kampaniyaya rəğmən Azərbaycan hər ötən gün yeni-yeni nailiyyətlər əldə edərək adını dünyanın nüfuzlu reytinq cədvəllərində önə çıxarır. Hər il Dünya Bankının hesabatları, nüfuzlu biznes strukturlarının dəyərləndirmələrində Azərbaycan xeyli irəliləyərək inkişaf etmiş ölkələrlə eyni sırada qərarlaşır. Bu günlərdə Azərbaycan daha bir sənəddə, "Douing Business 2016" hesabatında 17 pillə irəliləyərək 63-cü yerdə qərarlaşıb. Məlumat üçün qeyd edək ki, bundan əvvəlki hesabatda Azərbaycan 80-ci yerdə qərarlaşırdı. Bəs görəsən Azərbaycan bütün bunlara necə nail olur? Ekspertlər hesab edirlər ki, Azərbaycan uğurlu iqtisadi və sosial islahatlar keçirməklə dünyanın yüksək reytinq cədvəllərində ön cərgədə qərarlaşır.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da bu qənaətdədir O, bildirib ki, 184 dövlətinin üzv olduğu və 100-dən artıq ölkədə rəsmi nümayəndəliyi olan Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq maliyyə institutunun 189 ölkənin biznes mühitini qiymətləndirdiyi hesabatda Azərbaycanın mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci yerdən 63-cü yerə yüksəlməsi təqdir edilməli haldır: "Bu o deməkdir ki, hökumət öz iqtisadi strategiyasını o qədər uğurla qura bilib ki, dünyanı iqtisadi, maliyyə təlatümləri ciddi şəkildə silkələdiyi bir dönəmdə neftdən gələn gəlirlərin 2 dəfəyə qədər azalmasına baxmayaraq Azərbaycan cari ilin 9 ayı ərzində 3,7 faiz iqtisadi artıma (Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən cari ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 4 faiz gözlənilir) nail ola bilib. Bu artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilmişdi. Bu çoxlarına möcüzə kimi görünsə də reallıqdır və hər kəs onu olduğu kimi qəbul etmək zorundadır. Nüfuzlu beynəlxalq maliyyə institutlarının da təsdiq etdiyi bu əlahəzrət faktı Azərbaycanda hökumətin bütün pozitiv addımlarını qara rəngdə görənlər də heç bir formada inkar edə bilməyəcəklər. Onlara indi başqa rənglər axtarmaq lazımdır.
Dünya Bankı tərəfindən hazırlanaraq 2015-ci ilin oktyabrın 27-də açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2016" hesabatında Azərbaycanda əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların maraqlarının qorunması üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi yer tutub. Hesabatda ölkəmiz biznesə başlamaq yolunda biznesin qeydiyyatını sadələşdirmək sahəsində dünyanın ilk onluğuna daxil olaraq Almaniya və İsveç kimi ən yaxşı təcrübəyə malik olan ölkələrlə bir sırada dayanıb. Prezidentin 3 mart 2014-cü il tarixdə qəbul etdiyi "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı belə uğurlu nəticənin əldə olunmasında xüsusi rol oynayıb. Həmin Fərmanla sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi qərara alınmışdı. Azərbaycan hökuməti iqtisadi islahatlar kursunu cari 2015-ci ildə daha da intensivləsdirdi. Prezidentin son günlərdə imzaladığı yeni Fərmanlar və qəbul etdiyi başqa qərarlar ölkədə sahibkarlığın inkişafına əngəl ola biləcək hər bir məqama YOX dedi. Atılan bu addımlar daxildə iqtisadiyyatın şaxələndirilməsinə çox böyük təkan verməklə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə və bundan sonra beynəlxalq təşkilatların müvafiq hesabatlarında onun daha yaxşı yerlər tutmasına gətirib çıxaracaqdır".
Süleyman