Nazirlik çörəyin bahalaşdığını rəsmən təsdiqlədi
9 Oktyabr 2012 13:30 İqtisadiyyatDünən axşam saatlarından etibarən Bakıda çörəyin qiyməti bahalaşıb. Paytaxt mağazalarında bir gün əvvəl 30 qəpiyə satılan çörəyin qiyməti 10 qəpik bahalaşaraq 40 qəpik olub.İqtisadi İnkişaf Nazirliyi çörəyin bahalaşmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Modern.az-a verdiyi məlumata görə, son günlər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı ticarət obyektlərində çörəyin çəkisindən asılı olaraq pərakəndə satış qiymətlərində artım müşahidə olunub.
Onun sözlərinə görə, monitorinqlər zamanı qiymətlərində artım qeydə alınmış çörəklərin çəkisində də 100 qramdan çox artım müşahidə olunub:
"Aparılan araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunun göstərir. Son üç ay ərzində Azərbaycanın ənənəvi taxıl idxalatçısı Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50 faiz artım baş verib. Təbii ki, buğdanını qiymətindəki bahalaşma unun qiymətinin nəticə etibarilə çörəyin maya dəyərinin artmasına səbəb ola bilir.
Bununla belə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında o cümlədən çörək satışı bazarında istehlak mallarının keyfiyyəti və təhlükəsizliyi göstəricilərinə əməl olunması məsələsinə, eləcə də süni qiymət artımının qarşısının alınması istiqamətində monitorinqlərini davam etdirir".