İki günə 2400 metr dəmir yolu əsaslı təmir ediləcək

" Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin  mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun "OLAYLAR"a verdiyi məlumata görə, mayın 8-dən 10-dək Heybət-Puta mənzilində 2400 metr yol əsaslı təmir ediləcək.
Əsaslı təmir işlərinə start verilib və köhnə yolun söküntüsü başa çatmaq üzrədir. Təmir işləri, hər gün 1200 metr olmaqla, iki gün ərzində başa çatacaq.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə ötən ilin iyun ayının 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bakı-Böyük Kəsik-Bakı sahəsində indiyə kimi 80 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31