İran iqtisadi tənəzzül dövrünə girdi - ŞƏRH
Ölkə iqtisadiyyatı çökür, etnik münaqişələr başlana bilər
4 Oktyabr 2012 14:42 İqtisadiyyatQərb dövlətlərinin İrana qarşı iqtisadi embarqoları nəticəsini verməkdədir. ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının özəlliklə neft sanksiyaları İran iqtisadiyyatına güclü təsir edib. Milli valyutanın-rialın dəyərdən düşməsi da narazılığı artırıb və siyasi aktivliyə təkan verib. İlk aksiya oktyabrın 3-də Tehran bazarında keçirilib. Bir ay bundan öncə Güneydən milli valyutanın dəyərdən düşməsi ilə bağlı həyəcanlı xəbərlər gəlirdi. Xəbər verilirdi ki, Təbriz bazarında iş adamları narahatdı və hər an sosial partlayış mümkündü. Aksiyaların ölkənin paytaxtında baş verməsi gözlənilmirdi. Görünür, rialın dəyərdən düşməsi İran iqtisadiyyatına gözlənildiyindən də artıq ziyan vurub. Baş verən aksiyalar hökumətdə həyəcan yaradıb. Anihökumət aksiyaları böyüyərək şəhərin digər məntəqələrinə də yayılıb. Ölkənin qeyri-sabit iqtisadi durumuna, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən minlərlə aksiyaçı ilə silahlı və mülki geyimli təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib. Paytaxtın Sədi, Cümhuri, Firdovsi, İmam Xomeyni, Hafiz, Mənuçehri və İnqilab küçələrində hökumət qüvvələri ilə üz-üzə gələn aksiyaçılar hakimiyyətə qarşı şüarlar səsləndiriblər. Etirazçılar "Xamneyi, ağlını başına yığ, biz dələduz yox, xalqıq", "Suriyanı burax, bizi düşün" və sair şüarlar səsləndiriblər və hökumət banklarının şüşələrini qırıb, küçələrdəki zibil yeşiklərini yandırıblar. Xatırladaq ki, oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.
İran hakimiyyəti vəziyyətdən çıxış yolları axtarır. Baş verənlər xalqdan gizlədilir, yenə də xaricdə, daxildə düşmən axtarışı başlayıb. Prezident Mahmud Əhmədinejad valyuta bazarındakı gərgin vəziyyəti təxribatla əlaqələndirib. Qeyd edib ki, valyuta bazarındakı hazırkı vəziyyətdə həm xarici, həm də daxili düşmənlər günahkardır. Onun sözlərinə görə, valyuta bazarındakı son gərginliyin və qarışıqlığın başında 22 nəfər dayanır.
İran hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğu ortadadır. İqtisadiyyatda baş verən çökmə artıq siyasətə yansıyıb. İran super dövlət olmaq, nüvə silahı əldə etmək iddiasında vaz keçməyincə vəziyyət belə davam edəcək. Sanksiyaların təsiri daha artıq hiss ediləcək, iqtisadiyyat çökəcək. Ekspertlər İranın iqtisadi tənəzzül dövrünə girdiyini vurğulayırlar. Hesab olunur ki, milli valyutanın dəyərdən düşməsi işsizliyin artmasına, sosial fəlakətə gətirib çıxaracaq. Ölkə iqtisadiyyatının dağılması siyasi proseslərə təsirsiz ötüşməyəcək. İran kimi çoxmillətli ölkədə etnik münaqişələrin alovlanması tamamilə mümkündür ki, bu da milli birliyin parçalanmasına, millətlərin təşkilatlanmasına və müstəqilliyə can atmasına gətirib çıxaracaq. İran daxilində siyasi cəhətdən ən aktiv etnos Azərbaycan türkləridir. Güney Azərbaycan türkləri ayaqlansa, kürdlər, bəluçlar, türkmənlər, aysorlar, Əhvaz ərəbləri də hərəkata qoşulacaqlar. Milli valyutanın dəyərdən düşməsinə gətirib çıxarmış hökumətin yanlış iqtisadi siyasətinə ikinci böyük etiraz aksiyası Təbrizdə gözlənilir. Təbriz aksiyalara qatılsa, İranda siyasi böhran daha da dərinləşəcək.
Aydın