ARDNŞ-də müşavirə keçirilib
3 Oktyabr 2012 12:50 İqtisadiyyatARDNŞ-nin Baş ofisində insan resurslarının idarə edilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev şirkətdə insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə olan zərurətdən danışıb və bu sistemin yerli qanunvericiliyə, müasir standartlara və beynəlxalq praktikaya uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və departamentin şöbə rəisləri Teymur Mahmudov, Tural Məmmədov və şöbə rəisinin müavini Mahal Mehdiyev çıxış edərək görülən işlər haqda şirkət rəhbərinə məlumat verib. Bildirilib ki, Departament yerli qanunvericiliyin tələbləri əsasında beynəlxalq standartların tələblərinə uyğun şəkildə kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işləri layiqincə, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirib. Departament fəaliyyətə başladığı dövrdən etibarən 1880 ədəd vakansiya elan olunub, həmin yerlər üzrə 28908 nəfər namizədin müraciəti qəbul edilərək onların ilkin tələblərə uyğunluğu yoxlanılıb. İlkin tələblərə cavab verən 7252 nəfər test və peşə sınaq imtahanında, onlardan da 3924 nəfər müsahibələrdə iştirak edib və nəticədə 1036 nəfər müsabiqədən uğurla keçərək ARDNŞ-də müvafiq işlə təmin olunması üçün iş təklifləri alıblar. Eyni zamanda, departament yarandığı gündən başqa işə keçmə üzrə müraciət edən 2786 nəfərdən 2406 nəfərin müraciəti məqsədəuyğun hesab olunub, 380 müraciət isə uyğun hesab olunmayıb. 467 şikayət və ərizə cavablandırılıb.
ARDNŞ işçilərinin təlimləndirilməsi, karyeralarının inkişaf etdirilməsi, təlim və inkişaf planlarının hazırlanması, xarici və daxili təqaüd proqramlarının həyata keçirilməsi və digər işlərdən danışılıb, qeyd olunub ki, xarici təqaüd proqramında iştirak etmək üçün müraciət edən 110 nəfərdən 96 nəfəri müsabiqəyə buraxılıb, nəticədə onlardan 35-i təqaüdçü seçilib. Son daxili təqaüd proqramında iştirak etmək üçün müraciət edən 2014 nəfərdən 184 nəfəri test imtahanından və müsahibədən keçərək ARDNŞ-nin təqaüdçüsü adına layiq görülüb.
Müşavirədə iştirak edən ARDNŞ-nin vitse-prezidentləri, İdarə və müəssisə rəhbərləri tərəfindən insan resurslarının idarə olunması sisteminin təkmilləşdirilməsi istiqamətində mülahizə və təkliflər bildirilib, meydana çıxan suallar müzakirə olunub və irəli sürülmüş təkliflər üzərində işləmək üçün müvafiq tapşırıqlar verilib.